Ötən gecə dünyanın gözü Ağ Evdə idi. Yəqin ki, ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşündə qalmaqal yaşanacağını proqnozlaşdıranlar az idi. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin də iştirak etdiyi görüş mediaya açıq keçirildiyindən bütün dünya liderlər arasındakı gərginliyə şahidlik etdi. İndiyədək diplomatiyada belə bir hadisə açıq şəkildə dünyaya nümayiş etdirilməmişdi.
Tramp Zelenskini III Dünya müharibəsi üzərindən "qumar oynamaq"da ittiham edib onu sıxışdırdı. Cey Di Vens isə "mən tarixi görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsiniz. Siz bizim administrasiyaya hücum edə bilməzsiniz",- deyə Zelenskini suçladı.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vaşinqtonda baş verənləri Modern.az-a şərh edib.
O bildirib ki, Trampın Zelenski ilə görüşünün mediaya niyə açıq keçirilməsinə qərar verildiyini izah etmək çətindir:
" Amma əsas problem ondan ibarətdir ki, Zelenski Trampın təklifinin yekun sülh deyil, atəşkəs rejiminin bərqərar olması məqsədi daşıdığını başa düşmür və ya başa düşmək istəmir. Doğrusu, sosial şəbəkələrdə də izlədim. Gördüm ki, əksəriyyət bunu başa düşmür. Çoxları elə hesab edir ki, məsələlər artıq öz həllini tapacaq. Vəziyyəti yaxşı başa düşmək üçün biz öz təcrübəmizi yada salmalıyıq. Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəs barədə razılaşma əldə etdi. Neçə il atəşkəs rejimi qüvvədə oldu. Atəşkəs rejiminin icrasına heç bir beynəlxalq qurum tərəfindən nəzarət olunmurdu. Sonra bildiyiniz hadisələr baş verdi (Vətən müharibəsi-red).
İndiki mərhələdə atəşkəs rejimindən bəzi məsələlərin həllini tələb etmək Ukrayna üçün mümkün olan deyil. Zelenskinin əsas səhvi bundan ibarətdir.
Digər yandan düşünürəm ki, bu görüşdə hər kəs öz siyasi reytinqi üçün çalışırdı. Təəssüflər olsun ki, Ukrayna dövləti üçün indiki mərhələdə faydalı olan müvəqqəti atəşkəs rejiminin bərpa olunması heç kəsin yadına düşmədi. Əminəm ki, bunu düzəltəməyə ya Zelenski, ya da onu əvəz edən siyasətçi nail olacaq. Amma gördüyünüz kimi, özləri etiraf ediblər ki, hər gün 1000-ə yaxın adam öz həyatını itirir".
Sabiq nazir vurğulayıb ki, atəşkəs rejiminə görə, Rusiyanın sevinməsi əbəsdir:
"Rusiyada ola bilər bu məsələdən təbliğat kimi istifadə edirlər. Lakin heç də atəşkəs olandan sonra məsələ qanuni şəkildə öz həllini tapmayacaq. Kimsə gedib Rusiyanın işğalını tanıyan deyil. Sadəcə, hərbi əməliyyatların qüvvələr nisbətinə baxsaq, görəcəyik ki, onlar Ukrayna üçün heç bir nəticə verə bilmir. Qərb lazımi qədər kömək etmir, Ukraynanın da öz imkanları məhduddur. Ukrayna üçün burada vaxt ona görə lazımdır ki, öz dövlətçiliyini qorusun, gücləsin və hansısa yeni geopolitik vəziyyət yaransa, öz hüquqlarını və ərazi bütövlüyünü qorusun. Söhbət bundan gedir".
ABŞ vitse prezidentinin Tramp ola-ola söhbətə girişməsi və Zelenski ilə mübahisə etməsini isə Tofiq Zülfüqarov belə şərh edib:
"Həm İlon Mask, həm də Donald Tramp tərəfindən müxtəlif fikirlər səslənir ki, Devid Ceyms Vens gələcəkdə prezident olmalıdır. Çünki Tramp üçüncü dəfə seçkilərə qatıla bilməz, həm də onun yaşı çoxdur. Bu baxımdan, Vens də öz gələcək imicini yaradır. Burada qaydalar ikinci dərəcəli əhəmiyyət kəsb edir. Burada əslində belə təsbit olunmuş etiket qaydası da yoxdur. Ciddi danışıqlar başlayanda müxtəlif üslublardan istifadə oluna bilər. Bilirsiniz diplomatiya qaydalar toplusu deyil. İlk növbədə diplomatiyanı hansısa məqsədlərə nail olmaq üçün fəaliyyət adlandıra bilərəm. Hər kəs öz məqsədlərinə nail olmaq üçün müxtəlif üslubları istifadə edə bilər. Burada Zelenskinin dövləti qarşısında məsuliyyəti bəllidir. Təəssüflər olsun ki, o, lazımi nəticələrə nail olmadı. Bu, onun gələcək siyasi kariyerasında problemlər yaradacaq. Bu problemlə üzləşənlər ilk növbədə səngərdə olan əsgərlər, Ukrayna dövləti və xalqı olacaq".