Zahid Oruc məcburi köçkünlərlə bağlı çox ciddi problemi parlamentdə qaldırdı


“Böyük Qayıdış”ın hədəflərindən biri-ixtisaslı kadrların əmək bazarında xüsusi çəkisinin artırılmasına xidmət edən qanun layihəsini hər birimiz alqışlayırıq. Dövlətimiz azad torpaqlara dönəcək 100 minlərlə insanın peşə təhsili xərclərini üzərinə götürməklə millətimizin gələcəyinə investisiya qoyur, uzun illər işğal altında olan torpaqların dirçəldilməsi və ölkəmizin bütün bölgələri ilə inteqrasiyası üçün əhəmiyyətli təməllər formalaşdırır”.

Turkustan.az bildirir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə rəhbəri əlavə edib ki, lakin eyni zamanda, biz artıq qanunvericilik sistemimizdə də yeni əsrə daxil oluruq: “Belə ki, uzun illər Ermənistanın təcavüzü nəticəsində həm də hüquqi aktlarımızı müxtəlif qeyd şərtlər və natamam əhatə dairəsi üzrə qəbul etməyə məcbur olmuşuq. İndi parlaq Qələbəmizdən sonra qanunvericilik sistemimiz də bütövləşir və işğal əvəzinə “Qayıdış qanunları” yaradılır. 2023-cü ilin mayında qüvvəyə minən vergi güzəştlərinə dair qanun layihələri də dediyimiz silsiləni təşkil edir. Xatırladaq ki, ölkəmizdə 84 peşə təhsili üzrə 134 ixtisasa qəbul aparılır. Əlbəttə, hər il orta məktəbi bitirən məzunların dəyişkən olmasına rəğmən 120 minə yaxın olduğunu nəzərə alsaq, peşə təhsilindəki tələbələrimizin xüsusi çəkisi ümumi tərkibin cəmi 10 faizini təşkil edir.

Xanımlarımızın peşə təhsilində çəkisi isə 36 faiz olduğunu bilərək, ölkəmizin əmək bazarında gender mütənasibliyinin qorunub saxlanılmasına müsbət təsir edir. Əlbəttə, xarici dövlətlərin, məsələn, Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində müasir və beynəlxalq standartlara cavab verən peşə təhsili müəssisəsinin yaradılması təqdirəlayiqdir. Bütün bölgələrimizdə məşğulluğun təminatı üçün birinci növbədə gərək olan ixtisaslı, peşəkar kadrların məhz azad torpaqlarımızda yaradılması gələcəkdə dayanıqlı məskunluğun təmini deməkdir, əhalini böyük məsrəflər hesabına doğma torpaqlarına dönüşə can atan dövlətin daxili miqrasiyadan qorunmaq, 100 milyardlarla manat vəsait qoyulan böyük torpaqlarda insan kapitalını inkişaf etdirmək deməkdir. Əks halda, qısa müddət sonra o insanlar müxtəlif şəhərlərə geri dönə bilər.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir. Belə ki, gələn ilin sonuna azad torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Gələcəkdə azad torpaqlarda formalaşacaq kiçik və orta sahibkarlığın, yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır. Ona görə də hazırda dövlətin qayğısını zamanın çağırışıdır və biz sürətlə bir sıra mühüm vəzifələri həll etməliyik”.

Z.Oruc daha sonra bunları bildirdi: “Haşiyə olaraq, ötən əsrin 70-ci illərində Sinqapur Asiyada və dünyada iqtisadi baxımdan geri qalan ölkələr sırasında idi. Dövlət strategiyanı təhsil üzərində qurdu, xüsusilə peşə ixtisasları kütləvilik təşkil etdi. Üzərindən 30-40 il keçəndən sonra seçilən kurs öz müsbət nəticələrini verdi. Hazırda ÜDM-in adambaşına düşən nisbətinə görə qabaqcıl ölkələr sırasında məhz Asiya pələngləri dayanır. Ona görə də ideoloji rəngini bir kənara qoysaq, Sovetlər Birliyi yarandığı gündən bütün əhalini savadlandırmaq vəzifəsini qarşısına qoymuşdu və geri qalmış aqrar ölkədən nüvə dövlətinə çevrilmək də məhz həmin siyasətin nəticəsidir.

Əhalimizin 65 faizi peşə təhsilinə inamla yanaşır. Heç bir dövlət 100 faiz vətəndaşlarına ali təhsil verə bilmir. Gərək də deyil. Dünyada rəqəmlər və hədəflər fərqlidir. Qabaqcıl ABŞ-da sözügedən göstərici 50 faizə çatmır. Çünki yüksək biliklər tələb edən iqtisadi-sosial sferalar onsuz da bütün insanların hətta orta təhsili yüksək alsaydılar belə, yenə hamısını tam ixtisasla təmin etməyə imkan verməyəcəkdi.

Peşə Təhsili üzrə Dövlət Agentliyi məzunların 20 faizinin təhsil alarkən işlə təmin olunduğunu qeyd edir. Digər tərəfdən, ötənilki 13000 məzundan 30 faizə qədəri iş tapa bilib. Əmək bazarının sürətlə dəyişdiyini nəzərə alsaq, xüsusilə aviasiya, elektron texnikası mühəndisləri, İT sahəsi, o cümlədən, müasir smart naviqasiya sistemləri üzrə mütəxəssislərə dərin ehtiyacı qarşılamaq mümkün olmayıb.

Bütün zəif oxuyan öyrəncilərimizi peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik. Hər bir ölkənin milli təhlükəsizliyi içərisində məhz xaricdən deyil, milli kadrları hesabına idarəetmə və əmək bazarının ehtiyaclarını qarşılaya bilməsidir. Ona görə də sözügedən qanun geniş təbliğ olunmalı, Nazirliyə hər cür dəstək göstərilməlidir.

Qarabağ Universiteti Ali Baş Komandanın xüsusi təyinatlı təhsil ordusu yaratmaq strategiyasıdır. Peşə təhsili müəssisləri də artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaqdır. Məcburi köçkünlərin indiyədək təhsilə əlçatanlığının aşağı olmasını aradan qaldırmaq və bütün əhaliyə vahid dövlət siyasətini çatdırmaq baxımından 2025-ci ilin ən mühüm hüquqi aktını hər kəs müdafiə edəcəkdir”. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ