Tarixi düşmənin çağırışı ölkəni ikiyə böldü: 4 nəfərin adı çəkilir – 12 il əvvəl Novruzda…


Türkiyədə uzun illərdir həbsdə saxlanılan PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın fevralın 27-də yayımladığı müraciət böyük rezonans doğurub. Öcalan qruplaşma üzvlərinə səslənərək onları silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırıb. Həmçinin kürdlər üçün mübarizə dövrünün bitdiyini, problemlərin müzakirə əsasında həll edilməli olduğunu, təşkilatın siyasi müstəvidə fəaliyyətini davam etdirə biləcəyini söyləyib.

Öcalanın çağırışı Türkiyə və beynəlxalq siyasi arenada müəyyən fikir ayrılıqlarına səbəb olub. Bəzi ekspertlər bunu Ankara hökumətinin tarixi uğuru kimi dəyərləndirsə də, müraciətin heç bir effekt verməyəcəyini düşünənlər də az deyil. Abdullah Öcalanın artıq 20 ildən çoxdur həbsdə olduğu, PKK üzərində heç bir təsirinin qalmadığı vurğulanır.

Sözügedən çağırış Türkiyənin 40 ildən çoxdur davam edən terrorla mübarizə prosesinə necə təsir edəcək? PKK nəticə olaraq yaxın zamanda tamamilə ləğv edilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, bu, Türkiyə siyasətinin yeni uğurudur:

“Öcalanın “silahları yerə qoyun” çağırışı Türkiyə tarixi və siyasəti üçün böyük hadisədir. 1980-ci illərdə ölkədə iqtisadi liberallaşma və depolitizasiya proqramları tətbiq edildi, 1990-cı illərdə isə siyasi arenada yeni partiyalar meydana çıxdı. 1984-cü ildən PKK ilə Türkiyə hökuməti arasında başlayan silahlı münaqişə on minlərlə insanın həyatına son qoydu.

Öcalanın bu addımı 40 ildən artıq davam edən savaşı bitirəcək. Lakin bu təşəbbüsü Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalının irəli sürdüyünü də vurğulamaq lazımdır”.

ramiye 61595692989
Ramiyə Məmmədova

Politoloq bildirib ki, Abdullah Öcalanın çağırışı, PKK-nın hərbi rəhbərliyi və regiondakı digər kürd qüvvələrinin fəaliyyətinə, xüsusilə Suriya və İraqdakı vəziyyətə təsir göstərə bilər:

“Türkiyə hökuməti yaranmış fürsətdən istifadə edərək, münaqişəni sona çatdırmaq və regionda sabitliyi təmin etmək üçün hərbi və siyasi strategiyaları birləşdirən bir yanaşma tətbiq etməyi planlaşdırmalıdır.

Bu hadisə Türkiyənin son 40 ildəki siyasi inkişaflarının və kürd məsələsinin həllinə yönəlmiş səylərin mühüm bir mərhələsi kimi qiymətləndirilə bilər. Təbii ki, sözügedən bəyanatın əleyhinə çıxanlar da az olmayacaq, çünki kürdlərdən ibarət terror təşkilatlarının hamısı Öcalana tabe deyil. Lakin bu, yeni bir sülhə gedən yol kimi də qiymətləndirilməsinə və gələcək danışıqlar masasında fərqli məsələlərin müzakirəsinə rəvac verəcək”.

Politoloq Zeynal Əmrəliyev isə PKK-nın diplomatik yolla bitirilməsinin mümkün olmadığını qeyd edib:

“Bu adamları bağışlasalar, onların Türkiyə Böyük Millət Məclisinə (TBMM) yolu açılacaq. Terrorizmə dəstəkdə adı hallanan kürd əsilli siyasətçilər Leyla Zana, Pərvin Buldanı qəbul etməkdə çətinlik çəkilir, digərləri necə qəbul olunacaq? Əgər bu məsələnin siyasi müstəvidə həlli məqbul görülürsə, niyə Səlahəddin Dəmirtaş hələ də həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu? Öcalanın sağında əyləşmiş Ahmet Türkə baxın, adam hər seçkilərdə Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum göndərir.

PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi yararlandığı, maddiyyat üzərindən fəaliyyətini davam etdirən silahlı qrupdur. Burada heç bir ideoloji sxem yoxdur. Hələ Azərbaycanda bir çoxları PKK-nın legitimliyi məsələsini də müzakirə edir. Bu qruplaşmaya legitimlik lazımdır?”

zeynal serh
Zeynal Əmrəliyev

Z.Əmrəliyev 21 mart 2013-cü ildə Diyarbəkirdə keçirilən Novruz mərasimində Abdullah Öcalanın məktubunun oxunmasını xatırladıb:

“Məktubda PKK-ya Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmin ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə baş nazirlik binasındakı görüşündə PKK-nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini açıqlayır. Beləliklə qruplaşma 9 sentyabrda geri çəkilmə prosesini dayandırır.

Abdullah Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. PKK üçün o, ölü kimi bir şeydir. Sadəcə şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi obraz kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz”.


MANŞET XƏBƏRLƏRİ