Ötən gün Ağ Evdə Amerika lideri Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirildi. Məlumata görə, danışıqlarda mahiyyətcə Ukrayna münaqişəsinin yaxın bir neçə həftə ərzində həll oluna biləcəyi qənaətinə gəlinib. Lakin görüşdə əsas diqqətçəkən başqa məsələlər də olub. Belə ki, Tramp hərəkətləri ilə Makronu aşağılayıb.
İlk növbədə, Makron Ağ Evə gələrkən Tramp tərəfindən yox, aparat rəhbəri Monika Krouli tərəfindən qarşlanıb. Daha sonra Tramp Makronu Oval kabinetdə iş masasının küncündə əyləşdirib. Bundan əlavə onların bir-biriləri ilə əl hərəkətləri ilə paslaşması da iki lider arasında dinamikanın hələ də kifayət qədər aşağıda olduğunu göstərir.
Maraqlıdır, Makronun Trampla görüşü Ukrayna-Rusiya gedişatına necə təsir edəcək? Ümumiyyətlə, bu görüşdə niyə tərəflər qeyri-səmimi görünürdü? Turkustan.az olaraq suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.
Tramp və onun komandası Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı qəti qərar alıb. Amerikanın mövcud administrasiyası bu müharibəni dayandırmağa çalışır, Rusiya ilə aparılan danışıqlar da bunu göstərir. Makronun ABŞ-a səfəri, bu səfərdə yaşananlar Trampı yolundan döndərə bilməz. Hətta, bir gün öncə Tramp Makronla telefonla da danışmışdı və sərt ittihamları olmuşdu. Trampın Rusiya ilə danışıqlarının əsas hissəsi bu müharibəni sonlandırmağa hesablanıb. Açığı hələ ki, Trampın bu münaqişəni tamamilə dayandıra biləcəyinə inanmıram. Çünki Avropa dövlətləri və Almaniya ən azı 4 il Amerikasız öz yoluna davam etmək istəyir.
Makrona gəldikdə isə, düşünürəm ki, ona qarşı Trampın etdiyi hərəkətlər normaldır. Ümumiyyətlər Trampın əvvəlki prezidentlik dövründə də indi də Makrondan çox da xoşu gəlmir. Mümkün qədər də bu cür hərəkətlərlə onu sındırır. Makronun bu formada təhqir edilməsi, həm də ona görə idi ki, Makron Baydenin hakimiyyəti dövründə Trampa qarşı qıcıqlandırıcı açıqlamalar verirdi. Tramp da sanki indi onun əvəzini çıxır.
Rusiya-Ukrayna müharibəsi məsələsində Avropa çox güman yenə də Ukraynanı dəstəkləməyə davam edəcək. Nəticənin necə olacağını isə zaman göstərəcək. Əgər Ukraynaya çox dəstək veriləcəksə, Ukrayna müharibədə üstünlük qazanacaq, yox əgər yardım edilməsə, Ukrayna üçün vəziyyət çətin olacaq. Tramp özü də Ukraynadan 500 milyardlıq mineral resurslar istəyir. Çox güman ki, bu proseslər uzun müddət qalmaqal yaradacaq. Yəni, bu xəmir hələ çox su aparacaq!
Aytən Yaşar/ Turkustan.az