Türkiyə vasitəçiliyə başladı: Rusiya-Ukrayna savaşını Ərdoğan bitirəcək? - ŞƏRH


Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər etdi. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdü. Görüşdə Ukrayna müharibəsi, regional və ikitərəfli məsələlər müzakirə edildi.

Görüşdən sonra Ərdoğan açıqlamasında, "Həm Rusiya, həm də Ukrayna müzakirələrə dəvət edilməlidir. Bununla bağlı mövqeyimizi Ukrayna Prezidenti Vladimir Zelesnkiyə, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrova çatdırdıq"-deyə, bildirdi.

Maraqlıdır görəsən, bu görüşdən sonra Rusiya-Ukrayna müharibəsi istiqamətində hansı irəliləyişlər olacaq? Ərdoğan tərəfləri sülhə apara biləcəkmi? Bu suallarımızı politoloq Əhəd Məmmədliyə ünvanladıq. Ekspert Turkustan.az-a açıqlamasında bildirdi ki, Lavrov-Ərdoğan görüşündən sonra Rusiya-Ukrayna münasibətlərində bir dəyişiklik olacağını düşünmür.

Dünyada nə baş verir və Azərbaycan özünü necə aparmalıdır?

Artıq necə deyərlər, o, qatar çoxdan gedib. Vaxtında 2022 -ci ildə İstanbul razılaşmasında əvvəlcə Rusiya və Ukrayna tərəfi razılaşdı, hər iki tərəfin xarici işlər nazirliyi səviyyəsində görüşü də keçirildi. Amma Ukrayna London və Vaşinqtondan gələn zənglərdən sonra bu razılaşmadan imtina etdi. İndi də ona görə Ərdoğanın bu məsələdə hansısa addımlar ata biləcəyi real görünmür. Amma təbii ki, Türkiyə burada Ukraynanın marağını təmsil edəcək, eləcə də Türkiyəni narahat edən məsələlər müzakirə olunacaq. Ərdoğan bu barədə mesajlar ötürüb. Türkiyə üçün bu önəmli məsələdir. Rusiyanın qarşısına da bu məsələlər qoyulacaq. Amma bütün bunların Ukraynaya bir xeyri olacağını düşünmürəm. Çünki faktiki olaraq Ukrayna uduzmuş tərəfdir, xeyli ərazi itirib və itirməkdə də davam edir. Ukraynanın o gücü yoxdur ki, öz ərazilərini tam şəkildə azad edə bilsin. Ya gərək Rusiyada dövlət çevrilişi olsun və ya, Putinə sui-qəsd baş versin ki, hakimiyyətə qərbyönümlü siyasətçilər gəlsin və Rusiya öz ordusunu Ukraynadan geri çəksin. Bu da hazırkı vəziyyət üçün real görünmür.

O ki, qaldı Zelenskinin istefasına gedişat onu göstərir ki, Zelenski ya seçkilər keçirməlidir, ya da ölkədə "Narıncı İnqilab" baş verməlidir. Seçkilər də keçirsə, çox güman səs toplaya bilməyəcək. Və yaxud Zelenski xalqa müraciət edərək deyə bilər ki, "Amerika dəstəyini Ukraynanın arxasından alıb, Rusiyaya tərəfə ötürür və məni istefa verməyə məcbur edir". Bu cür istefa ilə o, Putinlə razılaşa bilər. Yəni, müxtəlif versiyalar var, amma hazırda reallıq odur ki, Ukrayna heç də yaxşı durumda deyil.

Əslində biz bu proqnozu 3 il əvvəl, müharibə başlayanda vermişdik ki, qərb sona qədər Ukraynanın arxasında durmayacaq. Nə NATO, nə AB nə də bir başqası sona qədər dəstək olmayacaq. Lakin həmin zamanda bizim bu proqnozlarımıza heç kim inanmadı. İndi isə vəziyyət tam da biz deyənə gəlib çıxıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ