Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizdə rəsmi səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Şahbaz Şərifi qarşılayıb və onların təkbətək görüşü olub. Daha sonra İlham Əliyevin Pakistan Baş naziri ilə geniş tərkibdə görüşü olub. Dövlət başçısı İlham Əliyev bildirib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Ölkələrimiz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcək.
“Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.
Biz təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir”.
Baş nazir Şahbaz Şərif bildirib ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür: “Mən bunu tam səmimi-qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz.
Eyni zamanda, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır. Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik. Zati-aliləri, bu səhər keçirilmiş təkbətək görüşümüzdə bizim çox yaxşı və məhsuldar müzakirəmiz oldu”.
Turkustan.az xəbər verir ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb.
Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır.
1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.
1996-cı ilin 9 aprelində isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər.
Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.
Səfər çərçivəsində Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənəzir Buhutto ilə də görüşüb. Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Heydər Əliyev mətbuat konfransında - "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik"- deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. Aprelin 11-də isə Azərbaycan Prezidentini Pakistan televiziyasına müsahibə verib.
2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfəri olub.
Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib.
2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb.
Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.
Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. Nazirlər Kabinetinin Qərarına əsasən Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyü 31.12.2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilib.
Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.
Humanitar sahədə də əməkdaşlıq inkişaf edən xətt üzrədir. Heydər Əliyev Fondu tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və 2012-ci ildə məktəb əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib.
Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidlər Bulağı”-nın açılışı həyata keçirilib. Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talasemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edilib.
Yeri gəlmişkən, qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş verən gərginlik fonunda Pakistan yenə də birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Məlum olduğu kimi, sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Səfir Bilal Haye dövlətimizin başçısı ilə söhbət zamanı deyib ki, qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: “Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.
Onu da vurğulayaq ki, cəbhədə vəziyyətin gərginləşdiyi gün - sentyabrın 27-də Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıb. Pakistan Xarici İşlər Nazirliyinin həmin bəyanatında deyilir: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.
Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.
Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.
Azərbaycan-Pakistan münasibətlərinin əsas hədəfi iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir. /Musavat.com/