Mühüm səfərin pərdəarxası: Putin yaxın adamını Türkiyəyə niyə göndərdi?


Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzuların müzakirə olunacağı gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə Türkiyəyə səfərinin ardınca Sergey Lavrovun da Ankaraya üz tutması diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, Ukrayna müharibəsinin həllində Türkiyənin vasitəçiliyi əsas rol oynayacaq.

Zelenskidən həmən sonra Putin ən yaxın adamını Ankaraya niyə göndərdi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün ABŞ tərəfindən sülh planı təklif olunub:

“Bu sülh planı Ukrayna və ona dəstək göstərən Avropa İttifaqı ölkələri, xüsusilə də Almaniya, Fransa, Polşa və Böyük Britaniya tərəfindən birmənalı qarşılanmadı. Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar Ər-Riyadda davam etdirildi. Bu görüşdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər etdi. Bu addım dünyada diqqətlə izləndi. Çünki bu gün regionda və dünyada baş verən proseslərdə Türkiyənin iştirakı, fikirləri nəzərə alınır. Yaxın Şərqdə baş verən son hadisələr, eləcə də Rusiya-Ukrayna müharibəsi buna nümunədir. Türkiyə Ukrayna müharibəsinin ilkin dövrlərində dünyada baş verən taxıl böhranının aradan qaldırılmasında mühüm rol oynadı. Türkiyə NATO ölkəsidir. ABŞ-ın hərbi baxımdan ən yaxın müttəfiqi sayılır. ABŞ Prezidenti Donald Trampın Rəcəb Tayyib Ərdoğana böyük rəğbətinin olduğunu deyib.

anar isayev

Anar İsayev

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri rəsmi Ankaranın bölgənin böyük gücünə çevrildiyinin göstəricisidir. Zelenskidən sonra Lavrovun səfərinin səbəbi regionda baş verən məsələlərin müzakirəsi, ABŞ-ın Ukraynaya münasibətinin müttəfiq olan Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmamasını dəqiqləşdirmək məqsədi daşıyır”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-ın irəli sürdüyü sülh planı Rusiyanın maraqlarına uyğundur:

“Ukrayna həmin sülh planına daxil olan şərtlərlə razılaşmır. Rəsmi Kiyev ərazi itkiləri ilə barışmır, NATO və Aİ -yə daxil olmağa çalışır. Bunun qarşısının alınması Ukraynanı razı salmır. Türkiyəyə səfərində də əslində rəsmi Ankaradan dəstək almaq istəyirdi. Rusiya rəsmisinin Ankaraya səfəri də Türkiyənin Ukrayna müharibəsinin həllini necə gördüyünü öyrənmək məqsədi daşıyırdı. Lavrovun səfərində bir məqsəd də Ərdoğan və Zelenski arasında son müzakirələrin nədən ibarət olduğunu öyrənməkdir. Türkiyənin hər iki tərəflə normal münasibətləri var”.


MANŞET XƏBƏRLƏRİ