Ermənistan konstitusiyasında ediləcək dəyişiklik niyə uzanır? – Aleksanyandan AÇIQLAMA


“Paşinyan mövcud Konstitusiyaya düzəlişlərdən deyil, yeni Konstitusiyanın qəbulundan danışır. Böyük ehtimalla, baş nazir konstitusiya dəyişikliklərinin parlament seçkilərindən əvvəl baş verməsinə çalışır ki, yeni parlament artıq yenilənmiş Konstitusiya əsasında fəaliyyət göstərsin. Ən azından, onun son çıxışından belə məntiq ortaya çıxır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.

Ermənistan mediasında son günlər konstitusiyaya dəyişikliyinin 2026-cı ildə reallaşacağı ilə bağlı fikirləri şərh edən Aleksanyan, konstitusiyanın başdan yazılacağına ehtiyac olduğundan, bunun zaman ala biləcəyinə diqqət çəkib:

“Paşinyanın açıqlamasından belə anlaşılır ki, konkret maddələrin dəyişdirilməsinə deyil, Ermənistanın mövcudluğu və inkişafı doktrinasının dəyişməsinə yönəlik, tamamilə yeni bir Konstitusiya qəbul ediləcək. Bunun üzərinə Konstitusiyanın dəyişdirilməsi prosesinin özünü – ictimai və parlament müzakirələri kimi müxtəlif prosedurları da əlavə etsək, aydın olur ki, məntiqli və anlaşılır bir Konstitusiyanın hazırlanması bir neçə aydan daha çox vaxt tələb edəcək. Buna görə də baş nazirin açıqladığı müddət olduqca real görünür”, - deyə N.Aleksanyan bildirib.

Aleksanyan əlavə edib ki, dəyişikliklər həllini tapdıqdan sonra iki ölkə arasında qalıcı sülhə nail olunacaq:

“Bunu sülh müqaviləsinin imzalanmasına maneə kimi görmək lazım deyil. Çünki Paşinyanın Konstitusiyanın dəyişdirilməsinin vacibliyini dərk etməsi və bunu dövlətin prioriteti elan etməsi artıq onun həm ölkə daxilində, həm də xarici siyasətdə fundamental dəyişikliklər üçün zəmin hazırladığını göstərir”, - deyə N.Aleksanyan bildirib.


MANŞET XƏBƏRLƏRİ