Ötən gün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals məlumat yaydı ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.
Sonra da xəbər yayıldı ki, müqavilə hələ imzalanmağa hazır deyil, bir sıra problemli məqamlar var. İddia olundu ki, saziş layihəsi tərəflər arasında “tərəfdaşlığı əks etdirmir” və Ukrayna tərəfdən “birtərəfli öhdəlikləri” ehtiva edir. Görünən odur ki, ABŞ lideri Donald Tramp Zelenskiyə bu müqaviləni imzalamaq üçün güclü təzyiq göstərir, Zelenski isə əvvəl kəskin şəkildə etiraz etmişdi, indi isə deyəsən yavaş-yavaş razılaşmaq istəyir, lakin sazişdə onu narahat edən bəzi məqamlar var ki, onların dəyişdirilməsini tələb edir. Beləcə vəziyyət hələ ki, nə oyanlıqdır, nə buyanlıq.
Maraqlıdır görəsən, Tramp Zelenskini müqaviləni imzalamağa məcbur edə biləcəkmi? Ümumiyyətlə, Zelenskinin müqaviləni imzalamaqdan başqa çıxış yolu qalmayıb? Turkustan.az olaraq suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, tezliklə bu məsələyə aydınlıq gələcək.
Ukrayna prezidentinin Amerikanın tələb etdiyi mineral ehtiyatlarla bağlı müqaviləni imzalayıb, imzalamayacığını əlbəttə ki, yaxın zamanda biz görəcəyik. Hər halda, indiki məqamda Ukrayna tərəfi Amerikanın bu şərtlərinə qəbul etməkdə istəkli görünmür. Amma Amerikanın şantajlarının miqyası kifayət qədər ciddi bir boyut almaqdadır. Belə ki, Donald Tramp məhz Zelenskinin bu məsələ ilə bağlı müəyyən şərtlər irəli sürməsini qəzəblə qarşılayıb və ona qarşı çox müxtəlif ittihamlar səsləndirib və faktiki olaraq Ukraynanı şantaj edib. Görünür, Ukrayna əslində hazır ki, durumda qərb cinahı tərəfindən tərk edildiyini tam şəkildə yəqinləşdirəndən sonra, bu məsələ ilə bağlı qərar qəbul edəcək. Böyük ehtimalla, əgər Avropa İttifaqı bəyan etdiyi dəstəyi verməyəcəksə, o zaman Ukraynanın başqa çıxış yolu qalmayacaq və faktiki olaraq Ukrayna hərbi cəhətdən Rusiya tərəfindən, iqtisadi cəhətdən Amerika tərəfindən işğal edilmiş duruma düşəcək. Yəni, faktiki olaraq elə bir vəziyyət yaranıb ki, Zelenskinin ciddi seçim imkanı qalmayıb.
Aytən Yaşar/ Turkustan.az