Hamının yoluxduğu həmin qorxulu virus: Kimlər təhlükədə və necə qorunaq? - ŞƏRH


Son bir neçə gündür temperatur aşağı düşüb, havalar kəskin şəkildə soyuyub. Hətta artıq bu gün qar da yağdı. Təəssüf ki, havaların dəyişməsi insan orqanizmində immunitet zəifliyi yaratdığı üçün xəstəliklərə yoluxma halları da artıb.

Demək olar ki, ölkədə tüğyan edən viruslara yoluxmayan qalmayıb. Bunların içərisində çoxluğu əsasən uşaqlar təşkil edir.

Bəs bu xəstəliklərdən qorunmaq üçün hansı addımları atmalıyıq? Ümumiyyətlə, bu viruslar nə dərəcədə təhlükəlidir? Suallarımızı həkim-terapevt Rasif Bağırova ünvanladıq. Həkim Turkustan.az-a açıqlamasında bildirdi ki, havaların soyuması ilə insanlarda müqavimətin aşağı düşməsi, müxtəlif viruslara yoluxma hallarını artırır.

Uşaqlar, yaşlılar arasında yayılan bu xəstəlik elə virusdur ki, əsasən kontaktla, ünsiyyətlə və ya müəyyən bir danışıq, hava yolu ilə çox yayıldığına görə qarşısını almaq çətin olur. Amma indi hal-hazırda yayılan virus, hansı ki, biz ona el arasında "soyuqdəymə" deyirik, kifayət qədər insanlar arasında narahatçılıq yaradır, çünki əvvəlki viruslara nisbətən daha gərgin keçir. Amma düzgün qaydada müalicə alanda, görürsən ki, tez bir zamanda, ayağa qalxmaq olur. Yəni, üstünə tez düşəndə hansısa bir fəsad yaranmır. Onu da deyim ki, uşaqlar bu xəstəliyə daha tez qalib gəlirlər.

Böyüklərdə isə bədəndə immun sistemi zəif olduğu üçün sağalma daha gec baş verir. Bədəndən çətinliklə çıxan xəstəliyə görə də mütləq həkimə müraciət edilməlidir. Əgər müalicə prossesi düzgün getmirsə, xəstənin vəziyyəti çox vaxt ağırlaşır. Qripə qarşı böyüklər üçün də peyvəndlər mövcuddur, kim istəsə, vurdura bilər. Bu peyvəndlər orqanizmin müqavimətini gücləndirir. Uşaqlarda isə təqvim üzrə olan peyvəndləri mütləq vurdurmaq lazımdır. Onu da qeyd edim ki, 17 yaşa qədər uşaqların orqanizmində immun sistemi çox güclü olur. Ona görə də uşaqlar bu xəstəliyi çox yüngül keçirirlər və uzağı 5 günə sağalırlar. Uşaqlar bağçaya, məktəbə getdiyi üçün mütləq həmin yerlərdə virusa yoluxur, orqanizmi möhkəm olsa, qidası, yuxu rejimi qaydasında olsa və əyni də qalın olsa, yoluxsa belə elə ciddi bir problem yaranmaz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ