“Yerusəlim Post” qəzetində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə son səfəri ilə bağlı məqalə dərc edilib. Məqalədə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Dövlət katibi Marko Rubio ilə strateji dialoqundan 48 saat sonra Hikmət Hacıyevlə bir araya gəldiyi vurğulanır. Bu, Azərbaycanın İbrahim razılaşmalarına potensial daxil olması üçün artan çeviklik kimi dəyərləndirilib. Yazıda həmçinin Azərbaycanın İsrail üçün son 30 ildə ən etibarlı tərəfdaşlardan biri olduğu qeyd edilir.
Bu yaxınlarda ABŞ-ın “Atlantic Council” analitik mərkəzi də Vaşinqtonun Təlv-Əvivin Bakı ilə diplomatik və təhlükəsizlik sahəsindəki əməkdaşlığından dərs götürməli olduğunu yazmışdı. Həmçinin Azərbaycanla sıx əlaqələrin ABŞ-ın Bakı ilə yaxşı münasibətləri olan Mərkəzi Asiya ölkələri arasında daha güclü mövqe qazanmasına kömək edə biləcəyi vurğulanır. Vaşinqton və Təl-Əvivin Yaxın Şərq arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam yararlanmaq üçün 1992-ci ildən ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci düzəlişin ləğvinin zəruruliyi bildirilir.
Ekspertlər hesab edir ki, Azərbaycanın İsraillə uzunmüddətli strateji əlaqələri olan ölkə kimi unikal mövqeyi onu İbrahim sazişlərinin Yaxın Şərq, Asiya və Afrikadakı müsəlman ölkələrinə genişləndirilməsi üçün cəlbedici tərəfdaş edir.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, həqiqətən də Azərbaycan müsəlman dövlətlər arasında İsraillə ən yüksək səviyyədə əlaqələrə malik tək ölkədir:
“ABŞ uzun illərdir ki, İsraillə islam ölkələri arasında vasitəçilik edir. Məqsəd mövcud ədavəti, fikir ayrılıqlarını geridə qoymaq, Təl-Əviv üçün təhlükəsiz region yaratmaqdır.
Azərbaycan variantı həm digər müsəlman ölkələri, həm də Vaşinqton üçün örnək olmalıdır. Rəsmi Bakı İsraillə yaxşı əlaqələrə malik olsa da, ABŞ Bakıya yardımını məhdudlaşdıran 907-ci düzəlişi ləğv etmir. Bu, çox ciddi problemdir. Özü də erməni lobbisinin istəyi əsasında edilən səhvdir”.
Qabil Hüseynli
Politoloq bildirib ki, Vaşinqton üçün Bakı hər zaman etibarlı tərəfdaş olub:
“Xüsusilə Əfqanıstanda sülhməramlı missiya və sonrakı proseslərdə Bakının mövqeyi unudulmamalıdır. Azərbaycan illərdir NATO-nun sülhməramlı tərəfdaşlıq proqramına üzvdür. Yəni ABŞ-la hər mənada ortaq maraqlar var.
Qeyd olunan maddənin (907-ci düzəliş – red.) qalması ABŞ-Azərbaycan münasibətləri baxımından ciddi maneədir.
İsraillə əməkdaşlıq fonunda bu maddənin ləğvi mümkündür. ABŞ Prezidenti Donald Tramp hakimiyyəti dövründə Bakı ilə Vaşinqton arasında buzlar əriyə, bu məsələ ətrafında müzakirələr aparıla bilər”.