Süni intellektin fəaliyyəti MƏHDUDLAŞDIRILIR – Bu qadağalar tətbiq OLUNACAQ


Son illər süni intellektin sürətli inkişafı bir çox sahələrdə inqilabi yeniliklər vəd etməklə yanaşı, ciddi təhlükələrə də səbəb olub. İnsan həyatını asanlaşdırma potensialı olan bu texnologiya nəzarətsiz irəlilədikdə təhlükəsizlik və sosial nəzarət kimi problemləri gündəmə gətirir. Müşahidə etdikdə görürük ki, son illər süni intellekt dünya ölkələri arasında qarşılıqlı əlaqə formatını da əhəmiyyətli dərəcədə dəyişib. Bu səbəbdən də ötən il süni intellektin təhlükələri barədə 30 ölkənin iştirakı ilə hesabat hazırlanıb. Hətta Avropa Parlamenti dünyada ilk süni intellekt qanununu qəbul edib.

Bu baxımdan artıq süni intellektə riskə əsaslanan yanaşma tətbiq olunacaq. Onun yarada biləcəyi risk səviyyəsindən asılı olaraq, qaydalar daha da sərtləşəcək. Dünya İqtisadi Forumu (WEF) ortamüddətli dövrdə əsas riskləri müəyyən edən qlobal risklər hesabatında Azərbaycan üçün əsas risk kimi süni intellektin inkişafı göstərilib.

Milli Məclisin deputatı Azay Quliyev də parlamentdə Azərbaycanda süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac olduğunu vurğulayıb:

“Çünki etik və hüquqi davranışa zidd hallara yol verən süni intellekt tərəfindən yaradılan müəyyən məzmunun manipulyasiyasına yol açan şəxslərə, qurumlara qarşı böyük məbləğdə cərimələr və ən sərt cəzalar tətbiq edilməlidir”.

Bəs süni intellektin yaratdığı risklərə qarşı qanunvericilikdə nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Bizim.Media-ya danışıb.

O bildirib ki, ölkəmizdə süni intellekt sənayesi yoxdur.

“Bizim modelimiz yoxdur. Gələcəkdə bu sənayenin formalaşması üçün qanunvericilik yarana bilər. Ona qədərki mərhələdə isə müəyyən təkmilləşmələrə ehtiyac var. Düzgün rəqəmsal konvensiya ilə bağlı mexanizmlər olmalıdır. Rəqəmsal sənayenin düzgün formalaşması üçün strategiya və mexanizmlər gərəklidir. Süni intellekt dövrün çağırışıdır”,- o deyib.

Ekspertin sözlərinə görə, biz bu modeli yarada bilməsək də, həllər üzərində çalışa bilərik.

“Ölkəmizdə süni intellektdən istifadə edilməsilə bağlı qaydalar tərtib olunmalıdır. Onlar isə daha sonra ölkədə baş verən hadisələrə görə daima təkmilləşməlidir. Qanunların tərtib edilməsinə, anlayışların formalaşmasına ehtiyac var. Bu istiqamətdə artıq işlər görülməlidir”,-deyə E.Abdullayev vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ