Bu sahədə cərimələr artırılır – 300 manat və sürücülük hüququ…


Xəbər verildiyi kimi, Azərbaycanda dəmir yolu keçidlərindən istifadənin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Belə ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Sirr deyil ki, qatara daş atma, insanların və heyvanların dəmir yol xətlərindən keçməsi kimi hallar toqquşma və ağır fəsadlara səbəb olur.

Cərimələrin artırılması problemlərin həllinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, həm piyadalar, sərnişinlər, həm də sürücülər və mal-qara ötürənlər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar:

“Hər bir halda dəmir yolu xəttində üstünlük qatara verilir. Təəssüf ki, çox zaman piyadaların qatar yoluna çıxdıqlarını, nəticədə xəsarət aldıqlarını eşidirik. Nəqliyyat vasitələrinin sürücüləri də keçidlərdən düzgün istifadə etmirlər. Məsələn, “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinə görə, şlaqbauma 5 metr qalmış dayanmaq sürücülərin borcudur. Bəzən şlaqbaum enmiş vəziyyətdə olsa belə, hansısa “ağıllı” sürücü önə keçməyə, qatardan dərhal sonra hərəkət etməyə çalışır. Nizamlayıcının siqnallarına diqqət edilməli, işıqfora nəzər salınmalıdır. Sürücülər avtomobillərini birinci relsdən 10 metr aralı məsafədə dayandırmalıdırlar”.

E.Muradlı xatırladıb ki, əvvəl bu qaydaları pozan sürücülər 80, piyadalar isə 20 manat cərimə olunurdu:

Elm%C9%99ddin Muradli 11112

Elməddin Muradlı

“İndi isə mövcud məbləğ artırılır. Belə ki, piyadaların cəriməsi 40, sürücülərin isə 200 manat olacaq. Görünür, problemlər tam aradan qalxmayıb, hələ də qaydaları kobud şəkildə pozanlar var. İndiki halda cəza olaraq həm də sürücülük hüququnun məhdudlaşdırılması məsələsi gündəmdədir. Yəni birinci dəfə 200 manat cərimə tətbiq edilir, il ərzində həmin şəxs eyni xətanı törədərsə, sürücülük hüququ 3 aydan 6 ayadək məhdudlaşdırılır. Qəza hallarında isə hətta yüngül bədən xəsarəti almış şəxs varsa, sürücü 300 manat cərimə olunacaq. Qaranlıqda mal-qara və at arabasını dəmir yolunda məhdud görünmə şəraiti olan yerdən keçirməyə görə 40 manatlıq cərimə 80 manatla əvəzlənəcək. Bu o deməkdir ki, nəzərdə tutulan yerlərdən düzgün istifadə etmək lazımdır. Piyadalar bəzən qatarın gəlmədiyini düşünərək yolu keçməyə cəhd edirlər. Bu, yanlışdır. Dəmir yoluna yaxın yaşayış məntəqələri varsa, deməli həm avtomobil, həm də piyadalar üçün keçid nəzərdə tutulub. Onlardan istifadə etmək lazımdır”.

Ekspertin sözlərinə görə, qaydaların dəyişdirilməsi vətəndaşların mənfi addımlardan uzaqlaşdırılmasına hesablanıb:

“Kimsə maaşların aşağı olduğunu deyib cərimələrin artırılmasını müzakirəyə çıxaracaq. Amma normal biri qatarı niyə daşlamalıdır? Yaxud dəmir yolu keçidindən niyə düzgün istifadə etmirlər? Sürücü niyə qatarın qarşısına qəfil çıxır? Bunları edib cərimələrdən gileylənmək də absurddur”.


MANŞET XƏBƏRLƏRİ