Mühüm əmr verildi: Ukrayna hakimiyyət dəyişikliyinə gedir?


Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda baş tutan görüşün tərəflər arasında münasibətlərin inkişaf etdirilməsində, eləcə də Ukrayna müharibəsinin həlli istiqamətində mühüm rola malik olduğu vurğulanır. Bunun ardınca ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyi ilə bağlı yayılan xəbərlərdən də aydın olur ki, nümayəndə heyətləri arasında artıq müəyyən razılıqlar əldə olunub.

Bəs Ukraynanın taleyi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Səudiyyə Ərəbistanında baş tutan görüş və əldə olunan razılaşma Rusiya və ABŞ arasında problemlərin kənara qoyulması, siyasi, iqtisadi münasibətlərin bərpa edilməsi niyyətindən xəbər verir:

“Ən mühüm razılaşmalardan biri diplomatik münasibətlərin bərpası, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı qlobal proseslərdə tərəflərin bir-birinin qarşılıqlı şəkildə maraqlarının təmin edilməsi məsələsidir. Bu o deməkdir ki, Rusiya və ABŞ qlobal müstəvidə artıq mövqelərin bölüşdürülməsi, bir çox coğrafiyalara nəzarətlə bağlı anlaşmaq niyyəti var. Gələcəkdə İran və Çinə qarşı ABŞ-ın mübarizəsində Rusiyanın dəstəyinin alınması hədəflənir. Rusiya isə soyuq müharibə dövründən sonra daha çox dünya gücü kimi qəbul edilmək istəyir. Ukrayna müharibəsinin başlanmasının səbəblərindən biri də bu idi. Sözügedən danışıqları və gəlinən razılıqları elə həmin maraq üçün atılan addım kimi dəyərləndirilə bilər”.

Asif0nerimanli 3 900x600 1
Asif Nərimanlı

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlarda rəsmi Kiyevin mövqeyi nəzərə alınmır:

“Donald Tramp Rusiya ilə anlaşmaq, müharibəni tezliklə bitirmək istəyir. Bunun üçün yeganə yol rəsmi Moskvanın tələbləri ilə razılaşmaqdır. Ukrayna isə haqlı olaraq bunu qəbul etmir. Rəsmi Kiyev danışıqlarda özünün də iştirakının olmasını istəyir. Lakin bunun nəzərə alınacağı gözlənilmir. Tramp hətta Zelenskiyə mesaj göndərdi ki, Ukraynada prezident seçkiləri keçirilməlidir, yalnız bundan sonra Ukraynanın mövqeyi nəzərə alına bilər. Bu da Putinin mövqeyinin davamıdır”.


MANŞET XƏBƏRLƏRİ