AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.
Turkustan.az xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
O qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir.
"Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - Lastayev bildirib.
Nazir müavini deyib ki, beynəlxalq ekspertlər AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatın keyfiyyətini yüksək qiymətləndiriblər: "Əsas sual – günahkarın kim olması – prokurorlar tərəfindən araşdırılır. Onlar ayrıca cinayət istintaqı aparırlar".
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
Ancaq Rusiya faktı etiraf etmək və üzr istəmək niyyətində deyil. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Mətbuatda bildirilir ki, hazırda sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır./modern.az