Nəhayət, bu gün dünyanın səbrsizliklə gözlədiyi 2 nəhəng ölkənin tarixi görüşü baş tutdu.
Rusiya tərəfini danışıqlar masasında Xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan başqa, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Dmitriyev də Rusiya nümayəndə heyətinin tərkibində olub. İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil etdi.
Görüşdən sonra nümayəndələr açıqlama verərək, görüşün yaxşı keçdiyini və bir sıra razılıqlara gəldiklərini bildirdilər. Lakin Putin və Trampın nə zaman görüşəcəkləri barədə dəqiq məlumat verilmədi.
Maraqlıdır görəsən, bu razılaşmaların içərisində Rusiya-Ukrayna müharibəsinin bitməsi də varmı? 2 ölkə arasında atəşkəs gözləniləndirmi? Suallarımızı politoloq Turab Rzayevə ünvanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, bu görüşdən sonra ciddi addımlar atılacaq.
Tramp Rusiyanı sülh masasına əyləşdirmək istəyir. Ən azından atəşkəsə nail olmağa çalışır. Eyni zamanda Rusiya da artıq müharibədən bezib, sülh masasına oturmağı və Qərbin onu ciddiyə almasını istəyir. Rusiya iqtisadi, hərbi və maliyyə olaraq çox ciddi problemlərlə üzləşib və atəşkəslə bu problemlərin həllinə nail olmağa çalışacaq. Bunlara qaz ixracının aşağı düşməsi, 180 gəminin qara siyahıya salınması, Rusiyanın neft, qaz və metallarının alışına və satışına qoyulan qadağalar daxildir.
Burada əsas məsələ odur ki, ABŞ və Rusiya hər nə qədər görüşə, bu məsələnin həllinə nail olmağa çalışsalar da, Avropa İttifaqı, hətta Ukrayna özü bu görüşdən qaçmağa çalışır. Məsələn, biz Zelenskinin sülhlə bağlı əks bəyanatlarını çox eşidirik, o, sülhün əksinə olaraq Ukraynaya silah-sursat verilməsini tələb edir. Eyni şəkildə görürük ki, Trampın Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyi Avropanı da narahat edir. Hətta, Britaniya və Fransa rəhbərləri bununla bağlı görüş keçiriblər, Avropa ordusu ilə bağlı sürətləndirmələr barədə danışılıb. Görünən odur ki, ABŞ Avropanı kənarda qoyaraq, bu sülh məsələlərini həll etmək istəyir. Avropanı ciddiyə almır. Avropa da müdafiə qabiliyyəti, silahları olmadan özünü ciddi qüvvə kimi qəbul etdirə bilmir.
Ümumiyyətlə ABŞ Ukraynanın üzərindən əlini çəksə, Zelenskinin də dediyi kimi Ukrayna Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək. Bu danışıqları kənardan qüvvətlə izləyən əsas ölkələrdən biri də Çindir. ABŞ-la Rusiyanın hansısa şəkildə yaxınlaşması Çin üçün böyük baş ağrısı ola bilər. Eyni zamanda Çin qorxur ki, ABŞ-ın Rusiyaya təzyiq etməkdə əsas məqsədi Çini dəstəkləməkdən əl çəkməsidir. Bununla da ABŞ təkbaşına qalan Çini daha rahat şəkildə "tərbiyələndirəcək". Rusiya təzyiqlərə dözməyib, ABŞ-la razılaşarsa, Çin üçün vəziyyət çətin olacaq!
Aytən Yaşar/ Turkustan.az