Azərbaycanda 1 milyona yaxın, paytaxtda isə 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Uzun illər müzakirə olunan bu problem hələ də öz həllini tapmayıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən il verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində işçi qrupu yaradılıb. İlkin mərhələdə sənədsiz evlərin təyin olunaraq dövlət qeydiyyatına alınması nəzərdə tutulur. Bu məqsədlə yeni elektron portalın ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcəyi planlaşdırılır.
Rəsmi məlumata görə, prezidentin 17 noyabr 2023-cü il tarixli Fərmanı əsasında hazırlanan sənədlər toplusu artıq aidiyyəti qurumlara təqdim olunub. Sistemin istifadəyə verilməsi ilə daşınmaz əmlakla bağlı əməliyyatlar vahid portal üzərindən aparılacaq və vətəndaşlar prosesin gedişatını izləyə biləcəklər. Ancaq portal hələ də istifadəyə verilməyib.
Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı Modern.az-a bildirib ki, bu problem təkcə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həll edilə bilən problem deyil.
"Bu qurum qeydiyyat orqanıdır və " şınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunla tənzimlənən məsələləri həll edir. Həmçinin, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində proqramlar icra edir. Bu istiqamətdə təkliflər irəli sürülüb və prosesin tezləşdirilməsi, səmərəli təşkili üçün elektron sistemin yaradılması aktualdır. Amma yekun qərar olmadığına görə, icrasının tam forması məlum deyil.
Ekspert qeyd edib ki, təəssüf ki, bu məsələnin həlli ötən ilin sonuna kimi bitməli idi. Lakin, hələ də davam edir. Ümid edirik ki, ilin ilk yarısında bu məsələ ilə bağlı qərar qəbul ediləcək. O zaman prosesi tam təhlil etmək mümkündür. İlkin məsələ, müraciətlərin sürətli və elektron şəkildə qəbul edilib, həll edilməsidir".
Zərif Sofiyeva