Zəngəzur dəhlizindən sərnişinlərin keçidi ilə bağlı qaydalar necə olacaq? – MÜSAHİBƏ


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizi ətrafında Ermənistanda müxtəlif aspektlərdə davamlı müzakirələr gedir. Rəsmi İrəvanın dəhlizlə bağlı narahatlığı və bu mövzuya köklənməsi nə ilə bağlıdır?

- Azərbaycan tərəfinin mümkün təzyiqləri fonunda qarşı tərəf daha çox bu mövzudan danışmağa başlayıb. Çünki rəsmi Bakı özünün strateji maraqlarına və məqsədlərinə nail olmaq üçün lazımi siyasi təzyiqlərini davam etdirir. Eyni zamanda Türkiyə və bəzi Qərb ölkələri və Çin Zəngəzur dəhlizinin bərpa olunmasında maraqlıdır. Beynəlxalq tranzit üçün bu dəhlizin açılması tələb edilir. Buna alternativ olaraq İran ərazisindən keçən Şimal-Cənub dəhlizindən istifadə təklif edilir. Bunun fonunda Zəngəzur dəhlizinin açılması Azərbaycan-Türkiyə bağlantısı deməkdir. Beləliklə, NATO üzvü olan Türkiyənin Azərbaycanla birbaşa bağlantısı yaranır. Ona görə də burada ayrı-ayrı siyasi qrupların öz marağı var. Sadəcə olaraq Ermənistan və İran bu məsələdə maneələr yaradır. Tehranın artan problemləri fonunda Zəngəzur dəhlizi onlar üçün aktuallığını itirir. Belə olan halda Ermənistan dəhlizlə bağlı birbaşa təzyiqlərlə üzləşir. Ona görə də İrəvan dəhliz məsələsində Azərbaycanın maraqları və məqsədləri müstəvisində öz xeyrini saxlamağa çalışır. Ermənistan parlamentinin spikeri Alen Simonyanın Zəngəzurdan “yüklərin maneəsiz keçidi” ilə bağlı səsləndirdiyi bəyanat əslində bu istiqamətdə atılan ilk addımdır. Bundan sonra digər təkliflərin də səslənməsi gözlənilir. Azərbaycan Zəngəzur dəhlizi mövzusunun sülh danışıqlarından çıxarıldığını bəyan edib. Bu məsələdə rəsmi Bakının yanaşması fərqlidir. Amma Qarabağ mövzusu bitdikdən sonra Zəngəzur mövzusu gündəmə gəlib.

- Ermənistan tərəfi yüklərin Zəngəzur dəhlizindən yoxlanmadan keçidindən danışıb. Sərnişinlərin keçidi hansı qaydalara əsaslana bilər?

- Əslində qaranlıq qalan məsələ də məhz budur. Ermənistan bu mövzuya aid məsələlərin birinci hissəsini danışır, amma ikinci hissəsinə aid açıqlama vermir. Onların məqsədi Zəngəzur dəhlizi fonunda Naxçıvan üzərindən tranzit əldə etməkdir. Amma burada vəziyyət fərqlidir. Çünki Azərbaycanın Naxçıvanla bağlantısı ancaq Zəngəzurdan ola bilər. Ermənistanın isə Naxçıvan üzərindən çıxış əldə etmək istəyi arasında paralellik aparmaq doğru deyil.

- Ermənistanın Zəngəzur dəhlizinə ərazi itkisi kimi baxması hansı məntiqə əsaslanır?

- Azərbaycanın Zəngəzur məsələsində tarixi kontekstdən çıxış etməyə tam hüququ çatır. Çünki Zəngəzurdan keçən dəmir yolu Azərbaycanın mülkiyyətində olub. Eyni zamanda o bölgədə tarixən azərbaycanlılar yaşayıb. Ona görə də bu məsələdə Azərbaycan üçün xüsusi bir şəraitin yaradılması müstəsna əhəmiyyətə malikdir. Bu mənada Azərbaycan bu məsələdə siyasi iradəsini ortaya qoyaraq məqsədlərinə nail olacaq. Tarixi Göyçə mahalı da Azərbaycanın bir hissəsi idi. Erməni tərəfinin bu məsələyə ərazi itkisi fonunda baxması tarixi reallıqlar müstəvisində əsassızdır. Sovet dövründə bolşeviklər həmin əraziləri Azərbaycandan qoparıb Ermənistana verib. Amma o torpaqlar tarixi Azərbaycan əraziləridir.


MANŞET XƏBƏRLƏRİ