ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirməkdə qərarlıdır. Belə ki, ABŞ və Rusiya liderləri artıq danışıqlara başlayıblar. Avropa liderləri isə iştirak etmədikləri danışıqlara görə təcili toplantı keçirirlər.
Avropanın ən güclü liderləri Trampın Putinlə tez razılığa gəlməyə çalışdığı bir vaxtda hərəkətlərini əlaqələndirmək üçün Parisdə bir araya gələcək. Trampın baş diplomatı Marko Rubio isə bu həftə Səudiyyə Ərəbistanında Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Məlumata görə, Rubio-Lavrov danışıqları yaxın həftələrdə Trampın Putinlə görüşünə zəmin yaratmaq üçün nəzərdə tutulub.
Sual yaranır: Tramp nə istəyir?
Aydın məsələdir ki, Tramp Ukrayna ərazilərini güzəştə getmədən sülhə nail ola bilməz. Lakin ərazi itkisi hesabına əldə ediləcək sülh beynəlxalq hüququn pozulması deməkdir.
Trampın yekun sülhə nail olması çətin görünür. Lakin o, Rusiyanın qalib kimi görünəcəyi bir status-kvonun qorunduğu atəşkəsə nail ola bilər. Bu, beynəlxalq hüququ pozmaz. Müqayisə kimi bunu 1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanmış atəşkəs sazişinə – Bişkek protokoluna bənzətmək olar. Xatırladaq ki, onda da dünya Ermənistanın işğal etdiyi əraziləri onun tərkib hissəsi kimi tanımadı.
Görünür, Tramp məsələni Putindən sonrakı dövrə saxlamaq istəyir. Prinsip etibarilə Putin hakimiyyətdə olduğu müddətdə yekun sülhə nail olmaq çətindir. Ukraynanın ərazilərini işğaldan azad etməsi isə real deyil. ABŞ Putindən sonra Qorbaçov, ya da Boris Yeltsin kimi zəif liderin hakimiyyətə gəlişini gözləyə bilər.
Əslində, bu, məntiqli addımdır. Çünki ABŞ siyasi sistemi fərdlərə əsaslanmayıb. Yəni Trampdan sonra hakimiyyətə gələcək prezidentin də bu məsələyə qayıtması mümkündür. Rusiyada isə birinci şəxs hər şey deməkdir. Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olub, ən azından öz hakimiyyəti dövründə diqqətini ABŞ üçün daha strateji olan məsələlərə fokuslaya bilər.
Turan Rzayev
Globalinfo.az