Agent və təsir agentləri haqda sensasion bilgilər – Özlərini belə ələ verirlər…


Son günlər Rusiya ilə gərginlik fonunda bir neçə məşhurun adı agent kimi hallandırılır. Sonuncu belə “damğa” Bəhram Bağırzadəyə vuruldu. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxışında aktyoru “Rusiyanın təsir agenti” adlandırıb.

Bundan başqa, bəzi saytlar AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevi, keçmiş nazirlər Elmar Məmmədyarovu, Əbülfəs Qarayevi Rusiyanın Azərbaycandakı agentura şəbəkəsinin başında dayanan şəxslər kimi təqdim etdi. Ümumiyyətlə, “təsir agenti” və “agent” nədir, nə deməkdir?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov kimin hansı ölkəyə işləməsi məsələsinə toxunmaq istəmədiyini qeyd edib.

O deyib ki, bunun üçün Azərbaycanın xüsusi xidmət orqanları var, onlar da kimin kim olduğunu hamımızdan yaxşı bilirlər:

“Mən “agent” və “təsir agenti” məfhumlarına toxunmaq istərdim. Bu iki məfhum arasında oxşar və fərqli cəhətlər var. Ondan başlayaq ki, hər ikisi hansısa ölkənin maraqlarının təmin olunması üçün çalışır. Əksər hallarda hər ikisinin fəaliyyəti qeyri-rəsmi, qeyri-şəffafdır və geniş kütlə üçün gizlindir. Əgər “agent” hansısa dövlətin maraqlarını aldığı müxtəlif tapşırıqları yerinə yetirməklə həyata keçirirsə, “təsir agenti” o ölkənin maraqlarının ictimai rəyə təsir etməklə həyata keçirir. Məsələn, “agent”lər hansısa məlumatların toplanılması, hansısa məsələlərin dövlət qurumlarında dəstəklənməsini təmin edilməsi, müxtəlif dağıdıcı fəaliyyətlərin həyata keçirilməsi, hətta ictimai-siyasi xadimlərə qarşı sui-qəsdlərin hazırlanması və sair bu kimi tapşırıqlar ala və həyata keçirə bilərlər. “Təsir agentlər”i isə işlədiyi ölkə barədə müsbət ictimai rəy formalaşdırmaq, həmin ölkənin dilinin, mədəniyyətinin təbliğini həyata keçirmək, hadisələri işlədiyi ölkənin maraqlarına uyğun təqdim etmək və buna oxşar tapşırıqlar üzərində çalışırlar”.

veli

Vəli Əlibəyov

Politoloq bu şəxslərin iş prinsiplərinin fərqli olduğunu deyib:

“İş prinsiplərinə gəldikdə, burada da fərqlər var – “agent”lər kəşfiyyat, dövlət sirri sayılan informasiyaların toplanılması, emalı və ötürülmləsi, ictimai-siyasi xadimlərin casusluğa cəlb edilməsi və sair yollara əl ata bilərlər. “Təsir agentlər”i isə, əsasən KİV, sosial şəbəkələr vasitəsilə öz fikirlərini geniş oxucu kütləsinə yayır. “Agent”lər kimlər ola bilər? Adi işdə və ya dövlət qulluğunda çalışan, lakin casusluq edən şəxslər, işlədiyi ölkənin mədəniyyət və ya ticarət mərkəzlərinin əməkdaşları və sair. “Təsir agentləri” isə adətən jurnalist, ictimai-siyasi fəal, alim, ekspertlər ola bilərlər. Burada əsas məqam ondan ibarətdir ki, “agent”lər hər bir halda gördükləri işin fərqindədirlər, işlədiyi ölkə ilə ya müəyyən maddi qazanc müqabilində əməkdaşlıq edir, ya da ideoloji əsaslarla casusluq edirlər. “Təsir agent”lərinin bir qisminin maraqlarını təmin etdiyi ölkənin xüsusi xidmət orqanları ilə heç bir əlaqəsi olmaya bilər. Buna baxmayaraq, onlar bilməyərəkdən olsa da, həmin ölkə üçün “Təsir agenti” rolunu oynayır”.


MANŞET XƏBƏRLƏRİ