Bu dəfə də tamaşa alqışlarla qarşılandı…


Kitabxananın oxucuları tamaşanın premyerasında iştirak etdilər… Belə ki, fevralın 14-də Azərbaycan Dövlət Kukla Teatrında “OYUN” İnklüziv Teatrının təqdimatında “Parkda” tamaşasının növbəti nümayişi oldu. Və bütün cəmiyyətləri narahat edən, gənclər arasında problemə çevrilən məsələlər tamaşada bədii formada nümayiş etdirilib. Cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayələrinin səhnələşdirilmiş həyatıdır. Tragikomik səhnələrin üstünlük təşkil etdiyi tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çəkilib.

Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı fiziki imkanları məhdud olan həvəskarlar da rol alıblar. Tamaşanın əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaq olub.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

“Parkda” tamaşasının bu dəfəki izləyiciləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları – yaradıcı ziyalılar, elmi işçilər, “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri, təqaüdçülər, gənclər, kitabsevərlər, gənc yazarlar oldular.


MANŞET XƏBƏRLƏRİ