Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində qətliam törətməsinin 33-cü ili tamam olur.
Turkustan.az xatırladır ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.
İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızı daim qisasa səsləyirdi.
Nəhayət bu qisas günü gəldi... Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş rayonlarımızı düşmən tapdağından xilas etdi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd rayonu, o cümlədən Qaradağlı kəndi Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında verildi.
19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Yuxarı Qarabağın bütün ərazisi, o cümlədən Qaradağlı kəndi düşmən əsarətindən xilas edildi.
Hazırda Yuxarı Qarabağın ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.
İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni möhkəmləndirmək, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir. /Modern.az/