Türkiyədə televiziya aparıcılarının çıxışlarına qulaq asanda belə qənaətə gəlirsən ki, Ukrayna-Rusiya münasibətlərini dərindən bilən yoxdur.
Turkustan.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Birliyinin (BAB) sədri, mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.
O qeyd edib ki, hadisələrə sadəcə Amerikaya nifrət prizmasından baxırlar və buna görə də ortaya qeyri-obyektiv və dayaz şərhlər çıxır.
Aqil Səmədbəylinin sözlərinə görə, gənclər arasında hələ də yaxşı təhlilçilər var, amma onların da televiziya kanallarına çıxışı yoxdur.
"Təəssüf ki, Türkiyədə empatiya mədəniyyəti çox zəifdir, hətta yox dərəcəsindədir. Mən bunu ali təhsillilərdən birinin Azərbaycan-İsrail münasibətləri ilə bağlı yazısında gördüm. Bu, həm Azərbaycan-İsrail münasibətlərində, həm də Rusiya-Ukrayna müharibəsində özünü göstərir.
İsrail dövləti və xalqı Qarabağ müharibəsinin əvvəlindən sonuna kimi Azərbaycanın yanında oldu. Lakin Fələstin muxtariyyəti xalqı ilə birlikdə Ermənistanın yanında yer tutub.
Azərbaycan-İsrail münasibətlərinin normallaşmasını Fələstin xalqına xəyanət kimi dəyərləndirərkən bizim Qarabağın işğalı illərində nələr çəkdiyimizi hiss etməmələri bir tərəfə, bircə dəqiqəlik özlərini bizim yerimizə qoyub hadisələrə düzgün prizmadan baxmaq zəhmətini çəkmirlər.
Buna baxmayaraq, bu bir həqiqətdir ki, nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı İsrail hökumətinin Qəzada etnik təmizləmə aparmasını bəyənmir.
Ukraynanı işğal edən Rusiya prezidenti Vladimir Putini tənqid etmək əvəzinə, işğala qarşı vətəni üçün mövqe bildirən Ukrayna prezidenti Zelenskini də Amerikanın adamı olmaqda ittiham ediblər. Hətta daha irəli gedərək rus agentləri kimi dedilər ki, o, şoumendir, ondan prezident olmayacaq. İndi bəlli oldu ki, o, heç kimin yox, öz ölkəsinin oğludur və əsl müstəqil prezidentdir.
Azərbaycanda da bir qrup rus sevdalısı belə fikirləşirdi və hələ də belə düşünən bir kəsim var.
Bu məntiqsiz məntiq sahiblərinin fikrincə, Ukrayna işğalla barışmalı, Putinin istədiyi kimi, Putinin icazə versə Avropa Birliyinə daxil olmaq istəyini dilə gətirməli, icazə verməsə, boynunu büküb oturmalıdır. Lakin Ukrayna xalqı hələ sovet dövründə də rusları sevmirdi, onlara gizli nifrət edirdi. SSRİ-nin dağılmasından sonra Ukrayna haqlı olaraq ruslardan uzaqlaşmaq yolunu tutdu və Zelenskiyə ölkəni Avropa İttifaqına və NATO-ya üzv olması üçün da verdi.
Yenə də məntiqsiz məntiq sahiblərinin fikrincə, Rusiyanın Azərbaycan sərnişin təyyarəsini vurduqdan sonra Azərbaycan prezidenti susmalı və Rusiyanın xətrinə dəyməməli idi.
Türkiyədə və Azərbaycanda haqqın yanında olanlara, haqsızlığa qarşı duranlara eşq olsun!". /modern.az/