Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma müşahidə olunub. Əvvəllər uçuşların bahalığı əsas gətirilir, quru sərhədlərin açılması istənilirdi. Lakin bu gün qiymətlər münasibdir.
Hazırkı statistik göstəricilərlə quru sərhədlərin açılması uzun müddətlik təxirə salına bilərmi?
Vətəndaşların da qiymətlərlə bağlı problemi həll edilirsə, sərhədlərin açılması hansı aspektdə faydalıdır?
Globalinfo.az-a danışan sabiq deputatVahid Əhmədov aprel ayında Gürcüstanla Azərbaycan arasında qatarın gediş-gəlişinin bərpa olma ehtimalını qeyd edib.
O, sərhədlərin açılmasının tərəfdarı olduğunu gizlətməyib:
“Bildiyimiz kimi, Gürcüstanın baş naziri İrakli Kobakidze Azərbaycanla Gürcüstan arasında qatarların gediş-gəlişinin bərpa olacağını dedi. Deyilənə görə, artıq aprel ayından buna start veriləcək. Bu, yaxşı xəbərdir”.
V.Əhmədovun sözlərinə görə, hər zaman təyyarə biletlərinin qiyməti yay aylarında baha olur:
“Yayda biletə təlabat çox olduğu üçün qiymətlər baha olur. Ona görə də qışda qiymət ucuz təyin edilir. Bu isə isti havalarda, yəni yay aylarında turizmin inkişafı ilə bağlıdır. Qışda tətilə gedən çox olmur. Qiymətlərin ucuz olmasını sərhədlərin açılması ilə əlaqələndirməzdim”.
Sabiq deputat deyib ki, sərhədlərin açılması istənilən aspektdə faydalıdır:
“Sərhədlərin açılması həm vətəndaşlar, həm dövlət üçün faydalıdır. Məsələn, şimal zonası Rusiya ilə, cənub isə İranla işləyir. Müəyyən dərəcədə ticarət əlaqələri yaradılır və s. Amma Prezident İlham Əliyev bu məsələyə toxunaraq sərhədlərin hansı səbəbdən bağlı olduğunu açıq şəkildə dedi. Bölgədə təhlükəsizliyi qorumaq çox çətindir. Bizim Rusiya, İran və Ermənistan kimi qonşularımız var. Münasibətlərimiz isə kifayət qədər yüksək səviyyədə deyil. Problemin də yaranmaması üçün müəyyən qədər sərhədlər bağlı qalmalıdır. Əgər Gürcüstanla sərhədlər açılsa, insanlar rahat şəkildə gedib-gələ biləcəklər”.
Deputat Vüqar Bayramovun sözlərinə görə, qiymətlər aylar və mövsümlər üzrə fərqlənir:
“Adətən, yanvar ayında nəinki Azərbaycanda, bütövlükdə beynəlxaq hava nəqliyyatında qiymətlərin azalması müşahidə olunur. Eyni zamanda uçuşların da sayında azalmalar olur. Bu da təbii ki, iqlim və hava şəraiti ilə bağlıdır. Bakı-Tbilisi arasında dəmir yol nəqliyyatının bərpası müzakirə edilən məsələlərdəndir. Bu istiqamətdə addımların atılması mümkündür. Bu da Azərbaycan vətəndaşlarının xarici səfərlərinin reallaşdırılmasına imkan yarada bilər”.