Ötən gün Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Qəzza ilə bağlı qalmaqallı açıqlama verdi. Qəzzada son qanuni dövlətin Osmanlı İmperatorluğu olduğunu deyən Davudoğlu Trampın təhdidinə cavab olaraq Fələstin dövləti qurulana qədər Qəzzanın muxtar vilayət şəkildə Türkiyəyə birləşdirilməsini təklif etdi.
O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “Qəzzanı satın almırıq, əldə edəcəyik” deyir. Tramp bunu deyəndə təkcə Qəzza zolağını nəzərdə tutmur. Onların məqsədi Fələstin xalqının haqqı olan bu yataqları ələ keçirməkdir. Bunun fərqində olmalıyıq.
Maraqlıdır görəsən Qəzzanın Türkiyəyə birləşdirilməsi mümkündürmü? Bu nə dərəcədə real görünür?
Turkustan.az olaraq suallarımızı politoloq Samir Hümbətova ünvanladıq. O, bildirdi ki, Qəzzanın Türkiyəyə birləşdirilməsi praktiki olaraq mümkündür, lakin siyasi olaraq bu qərarın nə dərəcədə möhkəm olub-olmayacağı müzakirə predmentidir.
Qəzza əhalisi referendum keçirib, öz istəkləri ilə Türkiyəyə birləşmək istəsələr, o zaman bu praktik olaraq beynəlxalq hüquqda təsbit olunur və heç bir problemi yoxdur. Həmin ərazi onsuz da vaxtı ikən Osmanlının ərazisi olub. Amma bu birləşməyə icazə verəcəklərmi, o sual altındadır. Bu hal Türkiyə ilə 3-cü dövlətlər arasında praktik olaraq böyük miqyaslı bir müharibə çevrilə bilər, ya da ki, çox ciddi bir böhran yarada bilər. Mən inanmıram ki, buna nə ABŞ, nə Rusiya, nə Çin, nə İsrail, nə də ərəb ölkələri imkan versin. Amma bu yenə də təbii ki, atılacaq addımlardan və beynəlxalq siyasi vəziyyətdən asılıdır. Bu dəqiqə üçün bununla bağlı fikir söyləmək çətindir. Hər halda hər şey hadisələrin gedişindən asılıdır. Qəzza ilə bağlı Türkiyənin mövqeyi ortadadır.
Türkiyənin bu təklifi Trampın qəzəbinə səbəb ola bilərmi? Bu hal 2 ölkə arasında vəziyyəti dəyişdirəcək?
Türkiyədə artıq oturuşmuş bir sistem, dövlət işləyir. Tramp da yeri gəldikdə, Türkiyə ilə bir çox məsələlərdə hesablaşır. Təbii ki, bu hal 2 ölkə arasında narazılığa səbəb ola bilər. Çünki Trampın planı Amerika dərin dövlətinin planıdır. Amerika çalışır ki, Türkiyəyə o fürsəti verməsin ki, Türkiyə bu imkanlardan özü üçün istifadə eləsin. Yenə də Trampın istəyi Türkiyənin istəyi ilə toqquşacaq. Burada artıq fikirlər haçalana bilər və münasibətlərdə müəyyən gərginlik yaşana bilər. Amma görünən odur ki, Türkiyə bu məsuliyyəti üzərinə götürməyə qərarlıdır. Referendumla Qəzza Türkiyəyə birləşsə, bu Amerika ilə çox ciddi gərginlik yarada bilər.
Aytən Yaşar/ Turkustan.az