Zəngəzurda mühüm gəlişmə: İran geri çəkilir? – “Güclü əl” aktivləşir


Son günlər İran-Azərbaycan gərginliyi nisbətən səngiyib. Bunu Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian və İranın ali rəhbəri Seyid Əli Xameneiyə məktubunda da görmək olur. Tərəflər bir sıra məsələlərdə razılığa gəliblər.

Bu müsbət dinamika bizə nə vəd edir? Hansı yeniliklər ola bilər? Zəngəzur dəhlizi açıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Aqşin Kərimov deyib ki, Azərbaycan-İran münasibətlərinin hazırkı dinamikası Donald Trampın ABŞ Prezidenti sükanı arxasına keçməsi prosesinin yaratdığı reaksiyalardır:

“Çünki Tramp qlobal siyasi və təhlükəsizlik təlatümləri ilə bol olan bölgələri yenilənən ABŞ hegemoniyası altına salmağı hədəfləyir. İran da Vaşinqtonun yenilənən strategiyasından yan keçən ölkə deyil.

Üstəlik, Trampın birinci prezidentliyi dövründən davam edən İsrailyönlü xətti ABŞ-ın İranla dialoq və rəqabət mühitini mürəkkəb məcraya salır.

İran indi stratej mövqeləri zəifləmiş vəziyyətdədir, bununla belə, onun nüvə tədqiqatları ilə əlaqədar ritorikası Tehranın yeni ambisiyalarına yol aça bilər. Lakin bu ambisiyalar daha çox kosmetik görünüşdür, çünki ABŞ-la yanaşı hətta Rusiya və Çin də İranın nüvə proqramının atom bombası əldə etmək səviyyəsinə çatmasını arzulamır”.

Politoloqun sözlərinə görə, İran nüvə proqramı ilə əlaqədar ABŞ-ın “maksimum təzyiq” kampaniyasına məruz qalır:

“Bu, İranı nüvə danışıqlarında böyük güzəştlərə məcbur etməyə hesablanıb, vaxt aralığında isə Tehran ağır geosiyasi durumda əlavə olaraq daxili və xarici iqtisadi çətinliklərlə qarşılaşır. Bu problemlər İranın nüvə tədqiqatlarını dayandırmasa da, lazım olan maliyyə təminatlarına çətinliklər yaradır.

Belə olduğu təqdirdə İran mövqelərini Azərbaycanın strateji portfelinə doğru yaxınlaşdırır və bunun konteksti təkcə ABŞ faktoru ilə əlaqəli deyil.

Başqa kontekstlər də İran-Azərbaycan əlaqələrindəki cari müsbət istiqamətləri təyin edir və onları belə təsnifatlandıra bilərik:

– Şimal-Cənub Nəqliyyat Dəhlizinin təyinatı İranın Azərbaycan üzərindən Rusiya ilə manevr imkanı qurmasına fərqli pəncərə təqdim edir. Yəni Rusiya ilə İran arasında imzalanan Hərtərəfli Strateji Əməkdaşlıq Sazişi belə tamamlayıcı xətlərə malik deyil;

– Azərbaycan-İsrail əlaqələrindəki dərinləşən əməkdaşlıq regionda təklənmiş İranı kəskin ritorika və əməllərdən çəkinməyə vadar edir;

– Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Ankaranın Yaxın Şərqdəki strateji irəliləyişləri fonunda Cənubi Qafqazda daha fərqli və güclü dəyər qazanır.

Aqsin Kerimov 232

Aqşin Kərimov

Bununla belə, ABŞ kontekstində ola biləcək bir hadisə Tehranın ritorikasını yenidən kəskinləşdirə bilər. Belə ki, Tramp İrana qarşı maksimum təzyiq tətbiq etsə də, Vaşinqton-Tehran danışıqları üçün qapıları aralı saxlayıb. İranın ali rəhbərliyi və prezidentlik institutundan ABŞ-la danışıqların mənasız olduğuna dair bəyanatlar isə sadəcə olaraq fasaddır və mümkündür ki, İran bununla başqa məqsəd hədəfləyir.

Nəzərə almaq lazımdır ki, İranın bu zamana qədər formalaşdırdığı bir çox proksi qüvvə ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsindən sonra baş tutmuşdu, çünki Tehranla Vaşinqton sövdələşmələr rejiminə daxil olmuşdu”.

A.Kərimovun fikrincə, İran ABŞ-la bu təcrübəni Cənubi Qafqazda da təkrarlamağa çalışa bilər:

“Lakin ABŞ-ın buna “yaşıl işıq” yandıracağı proqnozunu çıxarmaq çətindir. Bu baxımdan ABŞ-Azərbaycan əməkdaşlıq modeli İran amili də nəzərə alınaraq qurulacaq. Regionda həm ABŞ-ın, həm Türkiyənin güclü əl kimi qalması isə Ağ Evin Zəngəzur dəhlizinə marağını artıracağı ilə nəticələnə bilər. İranın bu baxımdan Zəngəzur dəhlizinə qarşı göstərdiyi dirəniş öz performansını itirir və nəticə olaraq Tehran Bakının strateji layihəsinə müqavimət qabiliyyətindən məhrum olur”.


MANŞET XƏBƏRLƏRİ