Rusiyanın son vaxtlar miqrantlara qarşı tətbiq etdiyi sərt qaydalar bu ölkədəki azərbaycanlılardan da yan keçmir. Paralel olaraq Bakı-Moskva xəttində müşahidə olunan gərginlik azərbaycanlı miqrantların daha da sıxışdırılmasına səbəb olub. Yayılan məlumatlara görə, artıq Rusiyada güc strukturları böyük şəhərlərdə azərbaycanlıların obyektlərinə, evlərinə basqınlar edir. Problemin həlli istiqamətində isə maraqlı təkliflər var. Məsələn, Rusiyadan Azərbaycana qayıtmaq istəyən miqrantlar Qarabağ və Şərqi Zəngəzura yerləşdirilə bilər.
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Rusiyada qanunsuz miqrantlara qarşı sərt siyasət yürüdülür:
“Onların aşkarlanması, zəruri tədbirlərin həyata keçirilməsinin şahidi oluruq. Ölkə ərazisindən deportasiya məsələsi daha da intensivləşir. Faktiki olaraq, fevralın 5-dən qüvvəyə minən miqrasiya qaydaları bu və ya digər formada dövlətin qanunsuz miqrantlara qarşı sərt yanaşmasını şərtləndirir. Burada etnik mənsubiyyət məsələsi ön plana çəkilmir. Bir qayda olaraq hamıya qarşı bu yanaşma nümayiş etdirilir. Hətta ayrı-ayrı şəhərlərdən, miqrantlardan daxil olan məlumatlardan da bəlli olur ki, hər şey yazıldığı kimi deyil. Mövzu ətrafında ajiotaj yaşanır və bunu tirajlamaqda maraqlı olan qüvvələr var. Xüsusilə də iki dövlət arasında münasibətlərin gərginləşməsini nəzərə alsaq, bu, belədir. Problemin daha təfərrüatlı öyrənilməsinə, araşdırılmasına ciddi ehtiyac var”.
Azər Allahverənov
Deputat xatırladıb ki, Rusiya ərazisində qanunsuz əsaslarla yaşayan azərbaycanlı miqrantların sayı yüz minə yaxındır:
“Bu, o deməkdir ki, maksimum 100 min şəxsin qayıdışı baş verə bilər. Belə olan halda, onların müxtəlif sahələrdə öz imkanlarını, əmək fəaliyyətini nəzərdən keçirmələri mümkündür. Xüsusilə iki kateqoriya özünü büruzə verir. Qaytarılan bəzi şəxslərin müəyyən kapitalları var, onlar bunu iqtisadiyyatımıza yatıra, kiçik və orta biznesin inkişafına töhfə verə bilərlər. İkinci kateqoriyadan olan miqrantlar isə heç bir kapitalı olmayan şəxslərdir. Onlar əmək bazarında çalışmaq iqtidarındadırlar, müəyyən peşə bacarıqları var. Bu imkanlarından Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisində istifadə edə bilərlər. Bu rayonlarda minlərlə vətəndaşımız çalışır, onların arasında müəyyən sayda əcnəbi miqrantlar da yer alır. Yəni bərpa, quruculuq işlərində də insan resurslarına ehtiyac var. Rusiyada deportasiya olunan şəxslər bu prosesdə fəal iştirak edə bilərlər”.