Ermənistan parlamentinin spikeri Alen Simonyanın “qarabağlı ermənilərlə” bağlı açıqlamalası qalmaqala səbəb olub.
Turkustan.az xəbər verir ki, Simonyan jurnalistin Qarabağdan Ermənistana qayıdan erməni əhalisinin yenidən Azərbaycan ərazisinə köçməsi ilə bağlı sualını sərt cavablandırıb.
“Qarabağlılar döyüşməli idi, çıxmamalı idilər”, - deyən Simonyan bu sözlərini təxminən 10 dəfə təkrarlayıb. Ermənistanda işğal dövründə Qarabağda yaşamış ermənilər “qarabağlılar” olaraq adlandırılır.
Simonyan əlavə edib ki, Ermənistan müharibədə döyüşüb, “Qarabağa lazım olan silah-sursatı verib”.
Simonyanın bu sözləri ciddi müzakirələrə səbəb olub. Qarabağda keçmiş separatçı rejimin İrəvana qaçmış “sonuncu rəhbəri” Samvel Şahramanyan Simonyanı üzr istəməyə və spiker postundan istefa verməyə çağırıb.
Simonyan isə bildirib ki, o, bütün “qarabağlı erməniləri” yox, konkret şəxsləri nəzərdə tutur: “Mən Ermənistandakı malikanələrinə qayıdan konkret insanlardan, Qarabağdan kənarda biznes quranlardan danışıram”.
O, istefa çağırışı edən Şahramanyana da cavab verib.
“Qoy o, özünün və mühafizəçilərinin Qarabağı necə tərk edə bildiyindən, qalan həmkarlarının isə bunu edə bilmədiklərindən danışsın. Necə oldu ki, bura gəlib çıxdı? Məsləhət görərdim ki, onun hansısa sualı olarsa, parlamentin məktublar şöbəsinə yaxınlaşsın, suallarını cavablandıraram”, - Simonyan bildirib.
O vurğulayıb ki, dediklərinin hamısı doğrudur və buna görə heç kimdən üzr istəməyəcək./publika.az