Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası olan bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə etməlidir.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? Rəsmi Bakı Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinaya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir. Bu, parlamentdə də müzakirəyə çıxarıla bilər. Bu halda Paşinyan anlamalı olacaq ki, əgər konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası olan bəndi qısa müddətdə çıxarmasa, Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq”, - ekspert bildirib.
Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında başqa zəruri dəyişikliklərə də ehtiyac var:
“Hər iki sənədin ana maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir. Bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Məsələn, bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlar və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”.
Bu bəndə artıq ehtiyac yoxdur. Yaxud ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”.
Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var”./teleqraf