Rusiya-Azərbaycan münasibətlərində nə baş verir? - DETALLAR AÇILDI


Son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində gərginliklər müşahidə olunur. Bu gərginliklər bir neçə mühüm hadisə ilə müşayiət olunur. Xüsusilə, Azərbaycanın “AZAL” aviaşirkətinə məxsus təyyarənin Rusiya hava məkanında qarşılaşdığı problem və bu məsələnin hər iki tərəfdən fərqli şəkildə şərh edilməsi münasibətlərdəki narahatlıqların açıq şəkildə üzə çıxmasına səbəb olub. Bununla yanaşı, Azərbaycandakı Rus Evinin bağlanması da diplomatik müstəvidə əlavə müzakirələrə səbəb olub.

Bəs iki dövlət arasında nə baş verir?

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a açıqlamasında bu gərginliyin əsas qaynaqlarından birinin Rusiyanın sanksiyalardan yayınmaq məqsədilə qara iqtisadiyyat yaratmaq cəhdi olduğunu bildirib:

"2023-2024-cü illərdə Ermənistan-Rusiya və Ermənistan-Gürcüstan ticarət dövriyyələrinin illik həcmi təxminən 20 milyard dollara çatıb. Bunun 5-8 milyardlıq hissəsi isə Azərbaycana təsir edir. Azərbaycanın Rusiya ilə real ticarət dövriyyəsi potensialı məhz bu qədərdir. Amma istehsal potensialı Azərbaycandan 20 dəfə az olan Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin 17 milyard dollara çatması qeyri-adi və şübhəli bir haldır".

Siyasi şərhçi qeyd edib ki, bu məsələ iki ölkə arasındakı "birinci qırılma nöqtəsi"dir. Azərbaycanın beynəlxalq birliyin üzvü olduğunu vurğulayan Əlibəyli bildirib ki, həm maliyyə, həm də iqtisadi siyasət baxımından ölkəmiz qlobal iqtisadiyyata inteqrasiya olunmuş bir ölkədir:

“Rusiya isə fərqli olaraq, yalnız hərbi cinayətkarlıqla deyil, iqtisadi cinayətkarlıqla da məşğuldur. Buna "transmilli cinayətlər" deyilir. Rusiya bu iqtisadi cinayətlər vasitəsilə sanksiyalardan yayınaraq öz təsir dairəsini genişləndirməyə çalışır. Ermənistan-Rusiya ticarət dövriyyəsinin bu dərəcədə şişirdilməsi də həmin transmilli cinayətlər çərçivəsində baş verir”, - deyə Əlibəyli vurğulayıb.

O, əlavə edib ki, Azərbaycanın beynəlxalq iqtisadi qurumların üzvü olması, maliyyə siyasətinin şəffaflığı və qlobal iqtisadi sistemə bağlılığı ölkəmizi belə qeyri-qanuni mexanizmlərdən uzaq tutur. Bu, həm də Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

"Hazırda Azərbaycanla Rusiya arasında yaranmış gərginliklərin iqtisadi, siyasi və hüquqi tərəflərinin daha dərindən analiz edilməsi, xüsusilə Ermənistan-Rusiya əməkdaşlığının qaranlıq məqamlarının üzə çıxarılması vacibdir. Bu, Azərbaycanın milli maraqlarını qorumaq və regional sabitliyi təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir".


MANŞET XƏBƏRLƏRİ