Azərbaycanda bu heyvanları kəsmək qadağan olunur? – Nazirlik açıqladı


Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların sayının azalmasına, ətin bahalaşmasına səbəb kimi aşağı çəkili heyvanların kəsilməsi də göstərilir. Mütəxəssislər bildirir ki, əsasən də xırdabuynuzlu heyvanlar arasında kütləvi şəkildə azçəkili heyvanlara tələb artdığından, həm qiymət qalxır, həm də qıtlıq yaranır.

Ekspertlərin sözlərinə görə, əvvəllər xırdabuynuzlu heyvanlar 20-22 kiloqrama çatdıqda kəsilirdi, indi 7-8 kiloluq quzulara tələbat artıb. Bu da qiymətə və heyvan sayına mənfi təsir göstərir.

Ötən gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun bu mövzuda açıqlaması oldu. O da təsdiqlədi ki, bu hallar ət bazarına təsirsiz ötüşmür.

Bəzi ölkələrdə müəyyən ölçüdən kiçik olan heyvanlarla bağlı qadağalar var. Məsələn, balıqların ovlanması istiqamətində qərarlar mövcuddur. Avropa Birliyi ümumi balıqçılıq siyasəti çərçivəsində müxtəlif balıq növləri üçün minimum ovlama ölçüsü tənzimləyir. Yaxud ABŞ-ın fərqli ştatlarında federal qaydalara əsasən bəlli ölçüdən kiçik balıqların ovlanması məhdudlaşdırılır. Oxşar qaydalar Kanada, Norveç, Yeni Zelandiya, Avstraliya kimi ölkələrdə də var. Təbii ki, insanlar da öz növbəsində təbiətə zərər vurduqlarını anlayır və kiçik balıqları ovlamırlar.

Azərbaycan əhalisi daha çox qırmızı ət istehlak edir. Ona görə də ölkəmizdə iri və xırda buynuzlu heyvanların kəsiminə bəzi qadağalar tətbiq edilə bilərmi? Məsələn, belə bir qayda qoyula bilərmi ki, 15 kq-dan aşağı çəkidə olan xırdabuynuzlu heyvanlar kəsilərək satılmasın?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, bu cür qadağalarla məsələni həll etmək mümkün deyil:

“Ət istehsalının artırılması üçün birinci növbədə prosesə təsir edən əsas fundamental səbəbləri ortaya qoymaq, bu problemləri həll etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanda əsas ət istehsalçıları Ceyrançöldə, Küdrü düzündə yerləşən böyük örüş sahələrində cəmləşmişdi. İndi onların hamısı əkin sahələrinə çevrildi. Mal-qara artıq aradan çıxdı, yəni ət istehsalı öz mənbəyini itirmiş oldu. Xırdabuynuzlu heyvanların kəsilməsinə isə tutaq ki, qadağalar qoyuldu. Axı restoranlar da müştərilərə quzu ətindən kabab təqdim edəcəklər. Yəni fikrimcə, inzibati tədbirlərlə yüz faiz effekt almaq olmaz”.

Müsahibimiz bildirib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına az-çox təsir göstərə bilər:

“Amma ət istehsalında lokomotiv qüvvə deyil. Burada əsas problem dediyim kimi, heyvanların saxlanıldığı ucsuz-bucaqsız sahələrin əkin yerlərinə çevrilməsindən ibarətdir. Bu sahələrin hamısını müəyyən şirkətlər alaraq əkin yerlərinə çevirdilər, heyvandarlıq isə sıradan çıxdı. İndi ət yoxdur, xaricdən idxal edirlər. Monqolustandan, Ukraynadan, Braziliyadan və başqa yerlərdən gətirirlər. Əslində xaricdən ət idxal etmək pis deyil, normal keyfiyyətli ət olandan sonra bu, mümkündür. Ucuz ətdir və özümüz məhsulu həmin qiymətə ortaya qoya bilmiriksə, qoy, camaat bunu ala bilsin”.


MANŞET XƏBƏRLƏRİ