Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun "Yeni Sabah"a müsahibəsi
- Bir neçə gün əvvəl "Facebook" postunda Kremlin təpəsində təmsil olunan elitaların mübarizəsi və Azərbaycanı bu mübarizədə alət etmə cəhdini qeyd etmişdiniz. Həmin postda gərək ki, Nikolay Patruşevin adını çəkmişdiniz. Bu qruplaşmalarda başqa kimlər var?
- Kremldə çox mürəkkəb proseslər gedir. Bu onunla bağlıdır ki, ABŞ-dən və Qərbdən ciddi şəkildə təzyiqlar göstərilir ki, Rusiya Ukrayna ilə bağlı öz siyasətini dəyişsin. İndi o dəyişiklik nə şəkildə baş verəcək bu öz yerində, amma eyni zamanda, Kremldə üzdə olan və olmayan qüvvələr artıq hakimiyyətə gəlmək üçün qarşıdurmalar yaradır.
Mən ona görə bu fikri qeyd etdim ki, bəziləri Putinə yaxınlıq etdiyi kimi, digərləri də qapalı şəkildə ona müxaliflik edir. Baş verən təyyarə faciəsini onlar, bir növ, meydan kimi istifadə edirlər. O ki qaldı bizim buna aid davranışımıza, təklif edirəm ki, bu məsələdə onların planlarına uyğun olmayan hansısa davranış sərgiləməliyik.
- Həmin qüvvələrin Azərbaycanla bağlı hansı planları var?
- Kremldəki bəzi qüvvələr bizi təxribata təhrik edirlər ki, Rusiya və Azərbaycan arasında açıq şəkildə qarşıdurma olsun. Hazırkı istəyimiz Rusiyanın Azərbaycana qarşı davranışı beynəlxalq normalara uyğun olsun. Bununla bağlı tələbimiz açıq şəkildə bildirilib.
Əgər müxtəlif sənədlərə uyğun olaraq, strateji partnyorluq səviyyəsində olan münasibətləri nəzərə alsaq, təbii ki, bu cür faciənin baş verməsi ilə bağlı yüksək səviyyədə başsağlığı və üzrxahlıq bildirilməlidir. Doğrudur, beynəlxalq hüquq bunu tələb etmir. Amma strateji müttəfiqiksə, bu cür münasibət normal sayılmalıdır.
Açıq şəkildə görürük ki, kimlərsə bu məsələnin təməlində gərginlik yaratmaq niyyətindədir. Elə bil qəsdən məqsəd güdülür ki, mütləq qarşıdurma olsun. Bunun səbəbləri də çox maraqlıdır. Hər halda səbəblər müxtəlif ola bilər. Amma bu səbəblər arasına Rusiya və Türkiyə arasında Suriyada baş verən hadisələrlə bağlı yaşananların da daxil olması istisna deyil.
Bu kimi hallarda incə və diplomatik davranışa ehtiyac yaranır və əslində, Azərbaycan tərəfi bu cür davranış sərgiləyir.
- Bir çox keçmiş nazir və dövlət xadiminin Rusiya ilə əməkdaşlıq etməsi ilə bağlı mətbuatda iddialar yer alır, bu ittihamlara münasibətiniz necədir?
- Müxtəlif insanlar müxtəlif fikirlər səsləndirə bilər. O cümlədən mətbuat. Amma hamımız başa düşməliyik ki, bu məsələ məhkəmə yolu ilə sübut olunsa, əsaslı olar. Mən də çox şey fikirləşə bilərəm, siz də. Amma bu məsələyə aydınlıq gətirmək üçün xüsusi xidmət orqanları var. Onlar bu və digər fəaliyyətləri araşdırıb məhkəməyə verə bilər. Bu yeganə qanuni yoldur.
İndiki ittihamlar isə daha çox təbliğat məqsədi güdür. Yəni hansısa siyasətçilər müxtəlif mərhələlərdə Rusiya ilə əməkdaşlığı genişləndirmək tərəfdarı olduqlarına aid bəyanatlar veriblər. Bu da, bir növ, Rusiyaya mesajdır ki, “yumşaq güc” saydığınız hansısa strukturlar və siyasi xadimlərin fəaliyyəti Azəbaycan üçün aktual deyil.
İstənilən halda siyasi elitanın və ictimaiyyətin arasında müxtəlifyönlü insanlar var. Onların bir qismi Qərbə yaxınlığı, bir qismi isə Rusiyaya yaxınığı təbliğ edir. Amma cənab Prezidentin də dediyi kimi, türk dövlətləri bizim ailəmizdir və gələcəyimiz onlarla bağlıdır.