ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri ötən həftə qüvvəyə mindi. Bu tədbirlər bütün Çin mallarına 10% tarifin tətbiqini nəzərdə tutur. Prezident Tramp bu addımı Çindən ABŞ-a fentanil qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək məqsədilə elan etdiyini bildirdi.
Çin də öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan etdi. O, ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini qeyd etdi.
Həmçinin ötən həftə Tramp ABŞ-ın Meksika və Kanadanın əksər ixracatına 25% tarif tətbiq etməyi bir aylıq dayandırdı. Meksika prezidenti Klaudia Şeynbaum və Kanadanın baş naziri Castin Trüdo ilə bu barədə razılığa gəldilər.
Maraqlıdır görəsən, Tramp niyə bu ölkələrə tariflər tətbiq edir? Sualımızı politoloq Samir Hümbətova ünvanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, Tramp hakimiyyətə gəlmədən öncə tarif tətbiq etdiyi bu ölkələri qaralamışdı.
Donald Tramp əsasən 3 ölkəyə-Kanada, Meksika və Çinə qarşı tariflər tətbiq edir və bu ölkələr ABŞ-ın əsas ticarət etdiyi ölkələrdir. Tramp hesablayır ki, tariflər aşağı olduqda bu bir ildə ortalama götürəndə 1 trilyon dolların üzərində itki yaradır. Bu ölkələr həm Amerikadan qazanır, həm də Amerikanın iqtisadiyyatını zəiflədir. Faktiki olaraq Çin Amerikanı üstələməyə doğru gedir. Ona görə Tramp bu ölkələrlə ticarət müharibəsi aparmaq qərarına gəlib. Məqsəd bu ölkələrin Amerikadan asılığını artırmaq və Amerikanın iqtisadi imkanlarını möhkəmləndirməkdir. Bir də Kanadanın 51-ci ştat məsələsi var ki, Tramp bununla bu ölkələri özünə tabe etdirmək siyasətini tutur.
Digər məsələ Qəzza məsələsidir. Tramp Qəzzanı satın almağı hədəf alıb və dünya ölkələrinin etirazlarına baxmayaraq geri addım atmayacağını iddia edir. Qəzza Trampa nə üçün lazımdır?
Qəzza zolağının yerləşdiyi coğrafi ərazi Amerikaya böyük miqdarda gəlir gətirə biləcək bir ərazidir. Buranın yeraltı və yerüstü təbii sərvətləri, çox strateji əhəmiyyətləri var. Yeraltı sərvət deyərkən, mədən sənayesini nəzərdə tuturam. Lakin hazırda Qəzzada bunu heç kim həyata keçirə bilmir. Bundan əlavə həmin ərazi dəniz sahili olduğu üçün liman ərazisi sayılır və Amerikaya trilyonlarla dollar həcmində gəlir gətirə bilmək imkanına malikdir. Başqa bir məsələ isə həmin hissədə çox ciddi neft yataqlarının olmasıdır. Bu da Amerikanın hədəfidir. Əlavə olaraq onu da qeyd edim ki, o ərazinin əldə saxlanılması ilə bir növ həm Rusiyanın, həm Çinin, həm də digər güc mərkəzlərinin Amerikanın təsiri altına düşməsi deməkdir. Çünki o strateji nöqtə tam olaraq Yaxın Şərqə nəzarəti ələ keçirməyə fürsət yaradır.
Aytən Yaşar/ Turkustan.az