Xəbər verdiyimiz kimi, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. O, Azərbaycan Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə maliyyə naziri təyin olunub.
Turkustan.az Globalinfo.az-a istibadla Sahil Babayevin dosyesini təqdim edir:
Sahil Rafiq oğlu Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində çalışıb.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Eyni zamanda o, 2009–2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
2018-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.
Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.
Sahil Babayev həmçinin, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro ilə Hökumətlərarası Komissiyalara sədrlik edir.
2022-ci ildə Macarıstanın “Ləyaqət” ordeni, 2023-cü ildə isə 1-ci dərəcəli “Serbiya bayrağı” ordeni ilə təltif olunub.
S.Babayev ingilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.
Ailəlidir, 3 övladı var.