Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi – Bağırov


Yazıçı-tərcüməçi Əlisa Nicatın Səməd Vurğun haqda ifadələrindən sonra sosial şəbəkələrdə başlayan müzakirələr fonunda politoloq Turab Rzayev Mir Cəfər Bağırovun çıxışından arxivə istinadla sitat paylaşıb.

Turkustan.az sözügedən tarixi sənədi təqdim edir:

“Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı, 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edilib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı.

Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir”. (Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə əlavə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52). /Kult.az//


MANŞET XƏBƏRLƏRİ