“Movzu düşmənlə əhatə olunmuş ölkənin bir hissəsinin təhlükəsizliyi və orada yaşayan insanlardırsa, o halda rentabellik və gəlir düşüncəsi arxa plana atılmalıdır”
BQP başqanı, Millət vəkili Fazil Mustafa bu yaxınlarda ölkə rəhbərinin sədrliyi ilə keçirilmiş müşavirə ilə bağlı saytımızın əməkdaşının suallarını cavablandırıb.
-Fazil bəy, bir neçə gün bundan əvvəl ölkə Prezidentinin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Ölkədə bu sahədə görülən işlər və qarşıdakı vəzifələrlə bağlı düşüncələrinizi almaq istəyirik. Nəqliyyat sahəsindəki problemləri, sizcə yaxın vaxtlarda həll etmək mümkün olacaqmı?
-Prezident İlham Əliyevin sədrliyi ilə yanvar ayının 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə ölkənin, xüsusilə də Bakı şəhərinin ciddi infrastruktur probleminin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Həmin müşavirədə ölkə rəhbərliyi tərəfindən səsləndiririlən fikirlər, əslində, Bakı şəhərinin sakinlərinin mövqeyini və düşüncələrini ifadə edir. Diqqət etmisinizsə, həqiqətən son illərdə nəqliyyat sahəsində xeyli işlər görülüb. Qeyd edilənlərdən aydın olur ki, Azərbaycanda həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi xüsusi çəkiyə malik olub. Müşavirədə səslənən rəqəmlərə diqqət etsək, nəhəng və irimiqyaslı layihələrin həyata keçrildiyinin şahidi olarıq. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Bunlar kifayət qədər ciddi rəqəmlərdir.
Dəmir yolu nəqliyyatının inkişafında da eyni inkişaf və irəliləyişin şahidiyik. Dəmir yolu infrastrukturu ilə bağlı 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr yol təmir edilib, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib, yeni qatarlar və vaqonlar alınıb,
Hava nəqliyyatının inkişafı sahəsində görülən işləri də danmaq olmaz. Son 20 il ərzində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib. Ölkənin 4 böyük şəhərində bu limanlar yenidən qurulub. Bununla bərabər 4 yeni hava limanı da inşa edilib. Cöğrafi şəraiti hava limanının tikilməsi üçün olduqca əlverişsiz olan doqquzuncu beynəlxalq hava limanı da bu il Laçında istifadəyə veriləcək.
Vəhşi qonşulatrımız tərəfindən tamamilə viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində bu sahədə görülən işlər də diqqətəlayiqdir. 3400 kilometrə yaxın avtombil yolu- 44 avtombil yolu layihəsi icra edilib və icra edilməkdədir. Eyni zamanda 45 tunel, 447 körpü, 28 tunel tikilib. Bunlar kifayət qədər uğurlu nəticələrdir. Bununla yanaşı, həlli vacib olan məsələlər, aradan qaldırlmalı nöqsanlar da çoxdur.
-Sizcə nəqliyyat problemlərinin aradan qaldırılması üçün ilk növbədə nələrə diqqət edilməlidir?
Başlıca məsələlərdən biri kimi Bakı kimi şəhərdə metro tikintisinin genişləndirilməsi ilə bağlı səslənən fikirləri bu baxımdan, olduqca müsbət qiymətləndiririk. Bu istiqamətdə hələ də görüləcək işlər çoxdur. Neft gəlirləri artan zaman biz onu metro tikintisinə ayırmalı idik. Əhalisinin sayına görə Bakı ilə bərabər olan Daşkənd şəhərində 80-ə yaxın metro stansiyası var, Bakıda isə bu 30-u keçmir. Çox yaxşı haldır ki, müşavirədə səsləndi ki, qarşıdakı illər ərzində Bakıda da metro stansiyalarının sayı artırılacaq. 3 milyonluq şəhərin yükünü ictimai nəqliyyat kimi metro indiki halı ilə götürə bilmir. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Eyni çətinlikləri Xırdalan, Masazır, Zabrat, Badamdar və digər iri yaşayış məntəqələrində yaşayanlar da çəkirlər.
Təkcə metro stansiyalarının çəkilib istiafdəyə verilməsi ilə iş bitməməlidir. Sərnişinləri rahat, komfortlu şəraitdə mənzil başına çatdırılması da vacib məsələdir. Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Metro nəqliyyatında bu problemlər varsa, onun həlli tapılmalıdır.
-Hava nəqliyyatındakı nöqsanları ən çox tənqid edənlərdən olmusunuz. Bu barədə hər hansı müsbət dəyişikliklərdən danışa bilərikmi?
-Hazırda quru sərhədlərin bağlı qaldığı bir zamanda insanların başqa çıxış yolu olmadığına görə ən çox istifadə etməyə məhkum olduğu nəqliyyat vasitəsi hava nəqliyyatıdır. Çox təəssüf ki, hələ də bu sahədə ciddi çatışmazlıqlar qalmaqdadır. Sorğulara baxsaq görə bilərik ki, rusiyalı turistlər Azərbaycandan çox digər ölkələri seçirlər. Əsas səbəblərdən biri də təyyarə biletlərinin bahalığı ilə bağlıdır. Biz inhisarçılıqla bağlı problemləri həll edə bilmədiyimiz üçün bu məsələlər ortaya çıxır. Nə qədər ki, quru yolla nəqliyyat əlaqələri açılmayıb, təyyarə biletlərinin qiymətinin bahalaşdırılması yoxsul, imkansız insanlar üçün böyük problemlər yaradacaq. Tez-tez “Naxçıvana təyyarə bileti tapılmır” –fikirlərini eşidirik. Naxçıvanda yaşayan ailələrin gediş-gəlişdə vaxtaşırı çətinlikləri yaşanır. Ailələr var ki, 10 ildir Bakıya gələ bilmir. İrandan keçən yolla avtobus qiymətləri əvvəllər 30 manat idi, sonradan İran tərəfi buna bir “dinmə ver” vergisi də əlavə etdi. Təyyarə qiymətləri isə bahadır və hər kəsin cibinə uyğun deyil. 30 il blokada şəraitində yaşayan və Azərbaycanın əsas hissəsi ilə əlaqənin yalnız hava vasitəsilə saxlandığı Naxçıvana təyyarə biletlərinin qiyməti niyə bu qədər baha olmalıdır? Əgər, movzu hər tərəfdən düşmənlə əhatə olunmuş ölkənin ayrılmaz bir parçasının təhlükəsizliyidirsə, rentabellik, gəlir düşüncəsi arxa plana atılmalıdır. Eyni zamanda bu fikirləri oxşar problemlərin yaşandığı Türkiyəyə də aid etmək olar. Qardaş ölkəyə də biletlərin baha olduğu, tapılmasında çətinliklərin tez-tez yaşandığı adi hala çevrilib, xüsusilə, orada təhsil alan tələbələrimiz vaxtaşırı bu çətinliklərlə üzləşirlər.
-Müşavirədə gələcəkdə nəqliyyat əlaqlərinin genişlənməsində, regionun tranzit və logistika potensialının artırılmasında böyük rol oynaya biləcək Zəngəzur dəhlizindən də bəhs edildi. Bu barədə düşüncələriniz nələrdir?
-Ölkə rəhbərinin həmin müşavirədə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər önəmlidir. Bu düşüncələri bütün xalqımız bölüşməkdədir. Tamamilə haqlı və ədalətli yanaşmadır. Ölkə rəhbərinin qeyd etdiyi kimi vətəndaşlarımız Azərbaycandan-Azərbaycana maneəsiz getməlidir. Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın arqumenti kifayət qədər güclüdür. Əgər Qərb dəhlizin Ermənistan üzərindən açılmasında israrlıdırsa, bu ölkəyə təzyiqlərini artırmalıdır. İndiki şəraitdə Ermənistan bu addımı atmırsa, bu, Qərbin aktivliyinin olmamasını göstərir. Azərbaycan isə Naxçıvanla birbaşa yolun açılmasında israrlıdır. Bu baxımdan da Zəngəzur dəhlizi həyatı əhəmiyyət daşıyır. Əvvəl-axır bu dəhlizin açılması təmin ediləcək. İndiki şərtlərdə bu müstəvidə alternativ yolları da diqqətdən qaçırmaq olmaz.Hazırkı mərhələdə Zəngəzur dəhlizi hamının marağına xidmət edən bir yoldur. Bu yol hansı variantla olur-olsun gerçəkləşməlidir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Zəngəzur dəhlizinin açılması İranın qarışacağı məsələ deyil. İran qonşu dövlət kimi sərhəddin o tayından istədiyi qədər durbinlə baxa bilər. Amma bu tərəfdə sözügedən məsələ Azərbaycan və Ermənistanın razılığından asılıdır. Ona görə də həmin mövzuya heç kim maneə ola bilməz. Ermənistan da əvvəl-axır Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşacaq. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur.
-Nəqliyyat probleminin nə vaxtsa aradan qalxacağına ümidiniz varmı?
-Ümid edirik, icrasına başlanan nəhəng layihələr nəqliyyat sahəsində mövcud olan nöqsanların mühüm bir hissəsinin aradan qaldırılmasna imkan yaradacaq.