Yazıçı Əlisa Nicatın Xalq şairi Səməd Vurğun haqqında dediyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, Əlisa Nicatın Lent.az-a müsahibəsində bildirib ki, Səməd Vurğun qədər yaltaq şair olmayıb.
“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.
Yazıçı-dramaturq, filosof, Əməkdar incənət xadimi Firuz Mustafa Əli Nicatı Səməf Vurğun barədə aşağılayıcı fikirlə səsləndirdiyinə görə qınayıb:
“Dostum Əlisa Nicat müsahibədə deyir ki, SSRİ Elməlrə Akademiyasında 200 erməni akademik, 100 gürcü akademik olub, amma orada bir nəfər də azərbaycanlı olmayıb...
Bilmirəm bu "faktı" o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300-dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb... Təbii ki, bu, uydurma bir söhbətdir. Bizdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama”.
Firuz Mustafa Səməd Vurğunu müdafiə edərək deyib:
“Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qədər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək: xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
Özünüz də görürsünüz ki, şair haqqında hərcayı danışanlar, ona daş atanlar, dil uzadanlar daim təpki və təhqirlə qarşılanır.... Hərçənd mən heç bir təhqirə bəraət vermirəm...
Hələ orasını da demirəm ki, böyük şair öz əsərlərindən başqa, ədəbiyyata iki parlaq istedad da bəxş edib: Vaqif və Yusif”./modern.az