2023-cü il sentyabrın 25-də Xankəndidə yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Ermənistanda aparılan istintaq prosesi çərçivəsində yeni detallar müəyyənləşib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, sözügedən hadisədə Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Kamo Vardayna təqsirli bilinə bilər. Məlumata görə, separatçıların Xankəndidəki hərbi hissəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində Qarabağı tərk edən vətəndaşları təhlükəsiz şəkildə yanacaqla təmin etmək vəzifəsi “artsax müdafiə ordusunun xüsusi təyinatlı dəstəsinə” həvalə edilib. O zaman ordunun əsas səlahiyyətli şəxsi Kamo Vardanyan olduğu üçün bütün məsuliyyət ona aid hesab edilir.
Ermənistan İstintaq İdarəsindən “Hraparak”a bildirilib ki, proses hələ davam edir, bu səbəbdən hər hansı konkret təqsirləndirilən şəxsin adı açıqlana bilməz. Lakin qeyri-rəsmi mənbələr işdə əsas günahkar kimi Kamo Vardanyanın adının araşdırıldığını iddia edir.
Xatırladaq ki, K.Vardanyan hər iki Qaabağ müharibəsi, həmçinin 2016-cı il Aprel döyüşlərində aktiv iştirak edib. O, 2021-ci ildə keçmiş separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan “rəhbəri” Araik Arutyunyan tərəfindən “müdafiə naziri” təyin olunub. Bir il sonra isə general-leytenant “rütbəsi” verilib. O, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçıb. Ötən il Vardanyanın Ermənistanın müdafiə naziri Suren Papikyanın qeyri-kommersiya əsaslı müşaviri təyin olunduğuna dair məlumat yayılıb, lakin daha sonra rəsmi şəkildə təkzib edilmişdi.
K.Vardanyan müsahibələrinin birində hər üç müharibədə təsadüfən sağ qaldığını deyib.
Qeyd edək ki, Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 170-dən çox erməni həlak olub. /globalinfo.az/