Trampın "3 ölkə" planı: Vergilər artırıldı, dollar bahalaşdı - ÖLKƏMİZİ NƏ GÖZLƏYİR? - ŞƏRH


ABŞ prezidenti Donald Trampın Fevralın 4-dən etibarən Kanada, Meksika və Çinə yeni gömrük rüsumları (tariflər) tətbiq etmək qərarı həftənin ilk günündə gündəmə bomba kimi düşdü.

Qərara əsasən Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq. Tramp bu addımı atmaqla ticarət müharibəsini rəsmən başlatdı.

Bütün dünya bu xəbərlə çalxalandı desək, abartmış olmarıq hər halda. Çünki, bu ticarət müharibəsinin qlobal böhrana, qiymətlərin qalxmasına, dolların bahalaşmasına səbəb olacağı gözlənilir. Bu da təbii ki, bütün dünyanı narahat edən məsələdir.

Bəs bu sərəncamla bu 3 ölkədə vəziyyət hansı istiqamət üzrə dəyişəcək? Dolların bahalaşması Azərbaycana necə təsir göstərə bilər?

Suallarımızı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluya ünvlanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, Donald Tramp seçki öncəsində verdiyi vədləri bir-bir yerinə yetirməyə başlayıb.

Tramp Kanada, Meksika və Çinə qarşı sərt qərarlar qəbul edib, artıq sərəncam da verilib, rüsumlar artırılıb. Mümkündür ki, həmin ölkələr də Amerika məhsullarına rüsumları artıracaq. Bu da ticarət müharibəsinin başlaması anlamına gəlir. Təbii ki, bu qərarla adıçəkilən 3 ölkədə qiymət artımı gözləniləndir. Həmçinin dolların bahalaşması da mümkündür.

Dolların bahalaşmasının Azərbaycana xüsusi iqtisadi təsirlərinin olacağını düşünmürəm. Dollar ölkəmizdə artıq 10 ilə yaxındır ki, sabit olaraq qalır. Yəni, dünya iqtisadiyyatında bu illər ərzində müxtəlif problemlər olub, lakin bu ölkəmizdə dolların qalxmasına səbəb olmayıb. Təbii ki, dollar ölkəmizdə qalxarsa, müəyyən iqtisadi problemlərə gətirib çıxarar. Amerikanın bu ölkələrlə müharibəsi ölkəmizə mənfi iqtisadı təsir göstərməyəcək.

Elxan Şahinoğlu:

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ