Son bir il ərzində Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi yönündə 10-dan artıq qanun qəbul edilib ki, bunlar da xarici vətəndaşların xüsusilə də əmək miqrantları üçün ölkədə qalmaq və hərəkət etmək şərtlərini çətinləşdirib.
Bildirək ki, 2024-cü ildə Rusiya Federasiyasında miqrasiya siyasətinin sərtləşdirilməsi prosesi məhz mart ayında "Krokus Siti Hall"da baş verən məlum terror aktından sonra nəzərəçarpacaq dərəcədə artıb.
Həmin terror aktında əsasən təqsirləndirilən şəxslər Tacikistan vətəndaşları idi. Bu hadisədən sonra Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsinə dair təklif verildi.
Nəticədə Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hökümətə təqdim olundu:
*Beləliklə, Rusiyada işləyən xarici vətəndaşların ailə üzvlərinin ölkəyə gəlməsinə icazə verilməməsi;
*Miqrantların ictimai nəqliyyatda - avtobus, taksi və metro kimi sahələrdə işləməsinə qadağa qoyulması;
*Təhsil sistemində çalışmaq imkanlarının məhdudlaşdırılması.
Məhz 2024-cü ilin aprelində Rusiya Dövlət Duması xarici vətəndaşların Rusiya vətəndaşları ilə nikah bağlamaq yolu ilə vətəndaşlıq almasını çətinləşdirən yeni bir qanun qəbul etdi.
Əvvəllər belə vətəndaşlar nikahdan dərhal sonra vətəndaşlıq üçün müraciət edə bilirdilərsə, indi bu müddət iki il olaraq müəyyən edilib.
Üstəlik, 25 yanvardan etibarən qüvvəyə minən qanuna əsasən, miqrantlar yalnız üç ildən sonra müvəqqəti yaşayış icazəsi (“RVP”) və ya daimi yaşayış icazəsi (“VNH”) üçün müraciət edə biləcəklər.
Əgər bu müddət ərzində nikah pozularsa, və ya saxta nikah olduğu məhkəmə tərəfindən təsdiqlənərsə, həmin şəxsin yaşayış icazəsi ləğv ediləcək.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə müvəqqəti yaşayış icazəsi (“RVP”) və ya daimi yaşayış icazəsi (“VNH”) üçün müraciət edən şəxslərin təxminən 40 %-i nikaha əsaslanırdı. Buna görə də artıq dövlət oqanları bu sistemdən sui-istifadə hallarının qarşısını almağa çalışırlar.
Qeyd edək ki, iyul ayında qəbul edilən qanuna əsasən, 2025-ci ilin fevral ayından etibarən Rusiya polisi məhkəmə qərarı olmadan xarici vətəndaşları ölkədən çıxara biləcək.
Əvvəllər belə deportasiyalar yalnız məhkəmə qərarı ilə həyata keçirilirdi. Yeni qaydalarla polis əməkdaşları inzibati xətalara görə də miqrantları deportasiya edə biləcək.
Xatırladaq ki, 2024-cü ildə Rusiyadan 80 000-dən çox xarici vətəndaş deportasiya edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
“Rusiya vətəndaşlığı haqqında” Qanuna edilən dəyişikliklər miqrantlar üçün yeni tələblər müəyyən edib. Bu dəyişikliklərə əsasən, hərbi qeydiyyatdan yayınan şəxslər vətəndaşlıqdan məhrum edilə bilər. Bu qərar Rusiya-Ukrayna münaqişəsi fonunda ordu sıralarını doldurmaq məqsədi daşıyır. Artıq bir neçə nəfər bu səbəbdən həbs edilib və ölkədən deportasiya olunub.
Noyabr ayında qəbul edilən yeni qanunla rus dili, tarixi və qanunvericiliyi üzrə imtahanları keçirmək hüququ yalnız dövlət tərəfindən təsdiqlənmiş qurumlara verilib. Əvvəllər bu sahədə qeyri-leqal vasitəçilər fəaliyyət göstərirdi ki, bu da saxta sertifikatların yayılmasına səbəb olurdu.
Dekabr ayında Dövlət Duması yeni qanun qəbul etdi ki, bu qanuna əsasən, rus dilini bilməyən miqrant uşaqları məktəblərə qəbul edilməyəcək.
Qanunun 2025-ci ilin aprel ayında qüvvəyə minməsi planlaşdırılır. Lakin bu qərar həm Rusiya daxilində, həm də MDB ölkələri arasında ciddi narazılıqlara səbəb olub.
Rusiyanın bir çox regionlarında yerli hökumətlər miqrantların işləyə biləcəyi sahələri məhdudlaşdıran qərarlar qəbul ediblər.
Xüsusilə ictimai nəqliyyat və təhsil sahəsində miqrantlara qarşı qadağalar tətbiq edilib.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən rusiyali politoloq Darya Qrevsova bildirib ki, Rusiyada uzun zamandır miqrasiya siyasətinin təkmilləşdirilməsi yönündə islahatlara ehtiyac duyulurdu:
“Çünki mövcud sistem artıq müasir dövrün tələblərinə cavab vermirdi və təhlükəsizlik baxımından da yetərsiz idi. Bildirim ki, Rusiyada 2024-cü ilin martında "Krokus Siti Hall"da törədilmiş terror aktının, həmçinin Ukrayna təhlükəsizlik xidmətinin göstərişi ilə miqrantların törətdiyi digər terror aktlarının da şahidi olduq.
Təbii ki, bütün bunlar cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yaradırdı və Rusiya əhalisi hakimiyyətdən miqrasiya siyasətinin mümkün qədər tez sərtləşdirilməsini tələb edirdi. Miqrasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində effektiv tədbirlərin görülməsində gecikmələr oldu, amma buna baxmayarq artıq real addımlar atılır.
Hazırda Rusiyaya gələn miqrantların sənədləri daha ciddi yoxlanılır, onların bir çoxu ölkədən çıxarılır, hətta hava limanlarında saxlanılaraq saatlarla, bəzən günlərlə səbəb göstərilmədən gözlədilir.
Bu yeni siyasətin tətbiqi asan başa gəlmir, onun tam şəkildə işlək hala gətirilməsi üçün vaxt və böyük səylər tələb olunur. Əsas məqsəd həm ölkəyə işləmək üçün gələn miqrantlar, həm də Rusiya vətəndaşları üçün təhlükəsiz və etibarlı bir mühitin yaradılmasıdır".
Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların iqtisadi təsirlərinə toxunan ekspert bildirib ki, təbii ki, miqrasiya siyasətinin sərtləşdirilməsi ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək:
“Ölkədə onsuz da işçi qüvvəsinin çatışmazlığı müşahidə olunur, miqrantların sayının azalması isə əmək məhsuldarlığını aşağı sala və iqtisadiyyata zərər verə bilər.
Bu, xüsusilə miqrantların üstünlük təşkil etdiyi sahələrdə hiss olunacaq. Məsələn, çatdırılma xidmətlərində çalışanların əksəriyyəti miqrantlardır və bu sektor Rusiyada çox populyardır.
Bir çox insan artıq mağazaya getmək əvəzinə sifarişlərini evə çatdırılma ilə alır. Həmçinin, miqrantlar anbarlarda, supermarketlərdə və tikinti sahələrində geniş şəkildə çalışırlar. Onlar görünməsələr də, mal və xidmətlərin vaxtında təmin edilməsində əsas rola malikdirlər.
Eyni zamanda, mənzil kommunal istismar sahəsində (JEK) - küçə süpürənlər, təmizlik işçiləri və digər xidmət sahələrində çalışanların əksəriyyəti də miqrantlardır.
Bu sahələrdə işçi qüvvəsinin azalması qiymətlərin artmasına səbəb ola bilər.
Çünki miqrantların yerinə yerli işçilər cəlb edilərsə, onların əməkhaqqı tələbləri daha yüksək olacaq. Bununla yanaşı, sərtləşdirilmiş miqrasiya siyasətinin əsas məqsədlərindən biri qeyri-qanuni miqrasiyanın qarşısını almaq və ölkəyə gələn şəxslərin dəqiq qeydiyyatını aparmaqdır.
Bu tədbirlər əsasən tacik, özbək və qırğız miqrantlarına yönəlib. Azərbaycanlı miqrantlar bu məsələdə daha az təsirə məruz qalır, çünki Azərbaycan vətəndaşlarının təhsil səviyyəsi digər Mərkəzi Asiya ölkələrinin vətəndaşları ilə müqayisədə daha yüksəkdir".
Miqrant uşaqların təhsili ilə bağlı problemlər haqqında fikir bildirən politoloq qeyd edib ki, miqrant ailələrindən olan uşaqların rus dili bilməməsi səbəbindən məktəblərdə təhsil ala bilməməsi məsələsi aktualdır:
"Bu problemin gələcəkdə hansı nəticələr doğuracağını isə heç kim bilmir. Əgər bu uşaqlar təhsil almadan böyüsələr, bu, ölkədə cinayətkarlığın artmasına səbəb ola bilər.
Çünki təhsili olmayan insanın gələcəkdə iş tapması və cəmiyyətə inteqrasiya etməsi çətin olur. Valideynləri isə onların təhsil alması üçün rus dilini tədris edən müəllimlər tuta bilmir, çünki buna maddi imkanları çatmır.
Əslində, dövlət bu uşaqların rus dilini öyrənməsi üçün xüsusi kurslar və tədris mərkəzləri yaratmalı idi. Lakin hələlik belə imkanlar mövcud deyil. Məktəblərdə rus dilini bilməyən uşaqlar dərslərdə iştirak etsələr belə, baş verənləri anlamayacaqlar.
Bu məsələdə hər hansı alternativ həll yolları təklif edilmədən, problemin üzərindən birbaşa qadağa ilə keçilməsi yetərincə düşünülmüş addım deyil.
Axı miqrantların bir qismi ailələri ilə birlikdə gəlir və onlar rəsmi icazə ilə ölkədə qalırlarsa, onların da sosiallaşma və təhsil hüququ təmin edilməlidir.
Qadağalar tətbiq edilərkən, alternativ həll yolları da təqdim olunmalıdır ki, ölkə həm təhlükəsiz, həm də miqrantlar üçün ədalətli qaydalar çərçivəsində idarə oluna bilsin".