Moskvanın əlindəki o sənədlər... - Bakı onları istəyəcəkmi?


Rusiya sərhədlərin dəqiqləşməsi üçün kartoqrafik materialları təqdim etməyə hazırdır; mütəxəssis isə bunu delimitasiya işinə müdaxilə sayır: “Vaxtında Overçukun iştirakı ilə İşçi Qrupu varıydı, heç bir faydası olmadı”

“Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu görür”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, Moskva iki ölkənin sərhədlərinin Gürcüstanla qovuşmasından başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılaşmanı da alqışlayır: “Çox böyük, yaxşı irəliləyişdir. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya edilib”. Overçuk qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır: “Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır. Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər”.

Daha əvvəl də Rusiya elan etmişdi ki, Müdafiə Nazirliyinin Baş Qərargahında xəritələr mövcuddur. Moskva özünün iştirakı ilə sərhədlərin dəqiqləşməsi prosesinin getməsini istəyirdi. Lakin Bakı və İrəvan Rusiyanı da, digər vasitəçi olmaq istəyən ölkələri də ofsayd vəziyyətinə salaraq, ikitərəfli qaydada delimitasiya işini davam etdirir. Üstəlik, məlum olur ki, xəritələr elə Azərbaycanla Ermənistanın da əlində var. Yəni Rusiyanın müdaxiləsinə zərurət yoxdur. Xatırlayırsınızsa, üçtərəfli İşçi Qrupu yaradılmışdı və Overçukun da iştirakı ilə bir neçə dəfə Soçidə, Moskvada müzakirələr aparılmışdı. Lakin bu görüşlər sərhədlərin müəyyənləşməsində heç bir nəticə vermədi. Eləcə də Brüsselin təşəbbüsü ilə komissiya yaradılmışdı, Avropa İttifaqı sərhədlərin delimitasiyasına dəstək verməyə hazır olduğunu nümayiş etdirmişdi. Hərgah, bu format da faydasız oldu. Elə ki ikitərəfli modeldə baş nazirlərin müavinləri sərhəddə görüşlərə başladı, o zaman ən mübahisəli hissə - Tavuş istiqamətində demarkasiya işləri belə aparıldı. Ona görə də bəzi rəylərə görə, Overçukun açıqlaması Rusiyanın yenidən işə qarışmaq arzularını ifadə edir və buna zərurət yoxdur. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib ki, gürcü həmkarını Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ətrafındakı son hadisələr barədə məlumatlandırıb. Paşinyan sözügedən prosesin növbəti mərhələsinin Ermənistan-Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinin kəsişmə məntəqəsinin yaxınlığından başlanılması barədə razılıq əldə olunduğunu Kobaxidzenin diqqətinə çatdırdığını qeyd edib.

Göründüyü kimi, proses gedir. Bəs, rəsmi Moskva gerçəkdənmi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasında maraqlıdır? Overçuk “müvafiq kartoqrafik materialı” deyəndə nəyi nəzərdə tutur? Onlar Bakıya gərək ola bilərmi? Yada salaq ki, Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli

Bu mövzuda “Yeni Müsavat”a danışan professor Qabil Hüseynlinin bildirdiyinə görə, sovet dövrünə aid xəritələr Rusiyada olduğu kimi, Bakı və İrəvanda da var: “Burada Moskvanın fərqli nəysə təqdim edəcəyini gözləmirəm. Hər iki respublika SSRİ-nin tərkibində olub və sənədlər arxivdə qalır. Ona görə Azərbaycan və Ermənistan Rusiyasız delimitasiyanı davam etdirir. Bu istiqamətdə real nəticələr də var. Deməli, Overçuk qarışmasa yaxşıdır. Hətta delimitasiya çərçivəsində anklav kəndlərin də geri alınması istisna edilmir. Kərki kəndi bu mənada hələlik istisna ola bilər. Çünki Ermənistanın İrana gedən yolunun üstünə düşür. Amma bu problemin də həlli mümkündür. Qoy zəhmət çəkib yeni yol tiksinlər. Biz Ermənistanın İrana yolu qalsın deyə öz torpağımızı güzəştə gedə bilmərik. Üstəgəl, presdent də var. Tavuş istiqamətində ermənilərin Gürcüstana olan yolu delimitasiya çərçivəsində bizim nəzarətimizə qayıtdı. Dünya dağılmadı ki? Ermənilər Gürcüstana gedən yeni yol açdılar. Odur ki, tərəflər işi dinc şəkildə uğurla sona çatdıra bilərlər. Yetər ki Rusiya əngəl olmasın. Onun ziyanı dəyməsin, xeyrini istəmirik”.

Q.Hüseynli deyir ki, delimitasiya və demarkasiya uzun prosesdir, zaman alacaq: “Biz gözləməliyik ki, sülh sənədi səhədlərin dəqiqləşməsindən sonra imzalansın. Onda uzun illər danışıqlar gedəcək. Ona qalsa, Rusiya və Gürcüstanla delimitasiyamız illər alıb. Elə bu səbəbdən razılıq əldə edildi ki, delimitasiya işi sülh mətnindən çıxarılsın. Həmçinin, burada bir razılaşma da var - delimitasiya edilən ərazilərdən avropalı müşahidəçilər çıxarılacaq. O zaman, cənub sərhədi boyunca, sonra Gürcüstan istiqamətində müşahidə missiyasının getməsini tələb etməliyik. Halbuki Avropa İttifaqı bu missiyanın daha iki il qalmasına qərar verib. Belə çıxır ki, delimitasiya işləri bu müddətdə yekunlaşmayacaq. Hər bir halda, əgər Rusiyanın əlində bizdə olmayan hansısa mühüm sənədlər, xəritələr varsa, təqdim etsin, işimizi inkişaf etdirək”.


MANŞET XƏBƏRLƏRİ