Zəngəzur düyünü: Paşinyan üzərinə götürdüyü öhdəliyi niyə yerinə yetirmir? - AÇIQLAMA


Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Təbii ki, Zəngəzurla bağlı məsələyə də toxunub və "Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz ünsiyyət Ermənistan yurisdiksiyasından yan keçmək demək deyil"-deyə, bildirib.

Həmçinin əlavə edib ki, bununla bağlı Azərbaycana konkret təklif verilib. Təklifi isə odur ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə yük dəmir yolu əlaqəsi olsun, amma eyni prinsipə əsasən, Arazdəyəndən Naxçıvan ərazisi ilə yük daşımaları Mehriyə həyata keçirilsin.

Maraqlıdır görəsən Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatmaqla nə etməyə çalışır? Ümumiyyətlə bu il 2 ölkə arasında sülh prosesi gözləniləndirmi? Suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq. Politoloq Turkustan.az-a açıqlamasında bildirdi ki, bu il sülh sazişinin bağlanması ehtimalı yüksək deyil.

Əsas səbəb ondan ibarətdir ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı əsas tələbini yerinə yetirməyib. Söhbət Ermənistan Konstitusiyası və Milli Qanunvericilik aktlarında Azərbaycana o cümlədən Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasından gedir. Həmin müddəalar dəyişməlidir. Bunun üçün də referendum keçirilməsi şərtdir. Ermənistan isə bu referendumun 2027-dən tez keçirilməsinin mümkün olmadığını bildirir. Bu da o deməkdir ki, biz hələ 2 il gözləməliyik. Bu o halda mümkün ola bilər ki, Qərb xüsusən də Amerika Ermənistana təzyiq və təşviq etsin. Bunun üçün də ədalətli və ləyaqətli sülh müqaviləsi imzalanmalıdır.

Ermənistan tərəfi 4 ildən artıqdır ki, Zəngəzur dəhlizi məsələsini yubatmaqdadır, əsas məsələlərdən biri dəhlizə hansı dövlətin nəzarət edəcəyi məsələsidir. Nəzərə alsaq ki, üçtərəfli bəyanatda bu funksiya Rusiya sərhədçilərinə verilib, Qərb isə dəhlizin Rusiyanın nəzarətində olmasının əleyhinədir. Düşünürəm ki, əsas düyün nöqtəsi məhz budur. Digər tərəfdən isə Azərbaycanın əsas tələbi vətəndaşların və yüklərin daşınmasının Azərbaycandan-Azərbaycana maneəsiz həyata keçirilməsidir. Bildirim ki, Ermənistan uzun müddət bu fikirə müqavimət göstərdi, lakin bu gün Paşinyan bununla bağlı müsbət mesaj verdi. Ermənistan yaxşı dərk edir ki, seçim imkanları geniş deyil. Azərbaycanın İranla əldə etdiyi anlaşmaya görə Zəngəzur dəhlizinə paralel Arazboyu yolun tikintisi davam etdirilir. Artıq körpülərdən biri tikilib və ilin sonuna doğru bu istiqamətdə ciddi irəliləyişlər əldə olunacağı gözlənilir. Yəni, bu məsələnin yubadılması Ermənistanın öz zərərinədir.

Elçibəyin köməkçisi yenidən bələdiyyə üzvü seçildi

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ