Ucuz ev, yoxsa oyun?


Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən ümumi sahəsi 83.55 kvadratmetr olan mənzilin qiyməti 585 000 manat təyin olunub. Mənzil 30 yanvar, saat 12:00-dan etibarən təkrar hərraca çıxarılıb. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ümumi sahəsi 218.84 kvadratmetr olan mənzilin qiyməti isə 500 000 manat təyin olunub.

Mənzil 27 fevral 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq. Hər iki mənzil "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındadır. Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Elektron hərrac” Portalı hazırlanıb.

Belə ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurlarının məcburi icra hərəkətlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir.

İcra məmurları icraata başlamaq haqqında qərarı borcluya təqdim etdiyi gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyur. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur.

Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Satışla bağlı icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Portal “www.herrac.gov.az” internet saytı vasitəsilə fəaliyyət göstərir. Hərrac açıq auksion formasında elektron keçirilir. Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər.

Onu da qeyd edək ki, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi müsbət addımdır. Sosial şəbəkələrdə bəzi vətəndaşlar əvvəllər hərracların simvolik olduğunu, hərrac iştirakçılarının heç bir əmlak ala bilmədiklərini bildirirdilər. Proses yenə belə davam edəcək, yoxsa müsbətə doğru dəyişiklik olacaq?

Çünki hərracda təkcə bahalı yox, həm də daha ucuz, münasib qiymətə evlər, avtomobillər satışa çıxarılır. Buna görə də vətəndaşlar həmin hərraclara ümid bəsləyirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, hərraclarda şəffaflıqla bağlı ciddi problemlər var:

“İkincisi, adı hərrac olduğuna görə məntiqlə də ən yüksək qiyməti kim təqdim edirsə, o da məhsula sahib olur.

Sadəcə problem odur ki, vətəndaşlar ucuz qiymətləri görüb düşünürlər ki, həmin hərraclarda iştirak etməklə müəyyən mal və xidməti əldə edə bilərlər. Ancaq nəticə etibarilə nə baş verir? Həmin o hərracı keçirənlər əvvəlcədən özlərinə yaxın olan şəxslərə və yaxud şirkətlərə məlumatları bölüşə bilirlər. Yəni elə bir imkanları olur. Onlar da zərflər açılmadan öncə kimlərin hansı qiymət verdiyini bilirlər. Ondan bir az yuxarı qiymət verməklə istənilən mal və məhsulu əldə edə bilirlər. Bu, ciddi şəffaflıq problemidir. Məsələn, Türkiyədə canlı yayımda bu hərracları göstərirlər. İnsanlar görür, canlı yayımda belə təkliflərin verilməsini görmək mümkün olur və bu, daha şəffaf keçirilir”.

İqtisadçı bildirib ki, şəffaflıq olmadıqca şübhələr qalacaq:

“Şübhələr qaldıqca adi vətəndaşların o hərraclarda özlərinə sərf edən hansısa məhsulun və ya xidmətin, daşınan və daşınmaz əmlakın alınması təəssüf ki, çətinləşəcək. Yəni prosedur qaydaları dəyişməsə, bu problem aradan qaldırmaq mümkün deyil. Əgər hərrac qaydalarına uyğun olaraq eyni vaxtda təkliflər verilmirsə, hərracı keçirənlərin böyük üstünlüyü, yəni öncədən məlumatlara çıxış imkanları varsa, burada elə hərracın özünün qaydaları və məntiq də pozulur. Hərrac elə olmalı deyil”.


MANŞET XƏBƏRLƏRİ