“Biz Azərbaycana təkliflər vermişik” - Paşinyan Zəngəzur dəhlizindən bəhs etdi


Biz Azərbaycana çox konkret təklif vermişik. Bu, hətta təklif də deyil, bu, bizim fikrimizcə, həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini birmənalı şəkildə nəzərə alan məsələnin həllidir.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizindən danışarkən bildirib.

“Biz təklif edirik ki, Azərbaycanın Qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə yüklərin daşınması dəmir yolu əlaqəsi ilə olsun, amma eyni prinsipə əsasən Yeraşxdan (Arazdəyən-red.) da Naxçıvan ərazisi ilə Meğriyə yük daşımaları həyata keçirilsin. Eləcə də beynəlxalq ticarət üçün Azərbaycan ərazisi ilə Ermənistana və beynəlxalq ticarət və ya yük daşımaları üçün Ermənistan ərazisindən Azərbaycana yükdaşımaları olsun.

Bu təklifin mühüm nüanslarından biri də ondan ibarətdir ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalarına başlaya bilərik, sonra vəziyyət daha uyğun olanda sərnişindaşıma haqqında düşünəcəyik. İndi açığını desəm, Azərbaycandan müsbət cavab gözləyirik. Və mən təsəvvür edə bilmirəm ki, onlar bunu niyə rədd etsinlər, çünki biz hər iki tərəfin qaldırdığı məsələlərə cavab verən həll yolu tapmışıq”, - Paşinyan deyib.

Onun sözlərinə görə, bu təklif Ermənistanın “Sülh kəsişməsi” proqramı çərçivəsində müəyyən edilmiş prinsiplərə tam uyğundur və həmçinin Azərbaycanın danışıqlar zamanı ifadə etdiyi gözləntilərə cavab verir./modern.az


MANŞET XƏBƏRLƏRİ