Son günlər ölkədə mal və quzu ətində bahalaşma müşahidə edilir.
Bildirilir ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var. Həmçinin bu artım bölgələrdə də olub. Fərq 50 qəpiklə müşahidə edilib.
Ümumiyyətlə statistikaya nəzər salsaq, görərik ki, son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Buna səbəb nədir? Ətin qiymətinə təsir edən amillər hansılardır?
Suallarımızı iqtisadçı-ekspert Günay Hüseynova ünvanladıq. Ekspert Turkustan.az- açıqlamasında bildirdi ki, qiymət artımını yaradan bir neçə faktor var.
Azərbaycan kulinariyasında qida rasionunun əsas tərkib hissəsini ət təşkil edir. Ətsiz yemək demək olar ki, barmaqla sayılacaq qədərdir. Son günlərdə ət məhsullarının qiymətində artım müşahidə edildi. İlkin səbəb bazarda mövcud olan tələb və təklif amilidir. Tələb çox, təklif isə qıtlıq səviyyəsindədir. Qıtlğın yaranmasında isə əsas səbəb örüş sahələrinin olmaması, yonca presinin qiymətinin 3 manatdan 7 manata qalxması, bu sahənin kəndli üçün gəlirli hesab edilməməsidir. Kənd təsərrüfatı, əkinçilik artıq bir sıra Avropa ölkələri, Amerikadakı kimi yaşlı, təqaüddə olan insanların hesabına inkişaf edir. Gənclərin şəhərə axını, yemin baha olması maldarlıqda qıtlığa səbəb olan amillər arasındadır. Yerli istehsal tam tələbatı qarşılamır onun üçün də biz bu məhsulu xaricdən idxal edirik. Ət məhsullarının idxalı ümumi idxal edilən məhsullarin 0.70% qədərini təşkil edir. Ümumi olaraq bu məhsulun 25% Gürcüstan, Hindistan kimi ölkələrdən idxal olunur. Statistik məlumatlara əsasən, 117.000 dollar dəyərində 54.000 tondan çox ət idxal olunub. Bir öncəki ilin statistik göstəricilərinə əsasən bu 38,9% çoxdur. Bu da onu deməyə əsas verir ki, yerli istehsal ildən- ilə azalır.
Qiymət artımIna gəldikdə 2023 cu ildə idxal olunan ətin 1 kiloqramının orta qiyməti 3, 49 manat, 2024 cü ildə 3, 72 manat, hazırda isə, təqribi 4, 05 manatdır. Bildirim ki, qiymətlərdə ucuzlaşma ehtimal olunmur. Bayramla əlaqədar hər il yarmarkalar təşkil olunur, o zaman cüzi ucuzlaşma ola bilər, o da müvəqqəti. Lakin növbəti illərdə ətin qiymətinin stabil olacağı ehtimalı var. Belə ki, torpaqlarımız işğaldan azad edildiyi üçün hazırda həmin ərazilərdə restovrasiya, quruculuq işləri gedir. Yəni, maldarlıq üçün kifayət qədər örüş sahələri var.
Düşünürəm ki, qiymət artımı alıcılıq qabiliyətinə öz təsirini cüzi olaraq göstərəcək. Vətəndaş üçün bu məhsul zəruri hesab edilir, yuxarıda qeyd etdiyim kimi azərbaycanlının süfrəsinin əsas hissəsini ət təşkil edir. Alternativi toyuq, balıq kimi məhsul olsa belə bu məhsula hər zaman tələb çoxdur.
Aytən Yaşar/ Turkustan.az