Azərbaycanda silah satışı qaydaları niyə sərtləşdirilir? - SƏBƏBLƏR


Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir. Lakin Milli Məclisdə bu yaş həddinin dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Qanunvericiliyə ediləcək dəyişiklikdə odlu silah əldə etmək üçün yaş həddi 21 olacaq.

Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a deyib ki, hazırda dünyanın müxtəlif ölkələrində odlu silahlardan istifadə etməklə törədilən cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə çoxdur. Bununla bağlı ən pis vəziyyət ABŞ-dadır. Hər il bu ölkədə odlu silahlardan istifadə edilməklə törədilmiş cinayətlərdə minlərlə insan həyatını itirir. Bu baxımdan, Azərbaycanda da bu məsələyə çox həssas yanaşılması anlayışla qarşılanmalıdır.

Bakupost.az

Millət vəkilinin sözlərinə görə, müasir dövr insanının pisxoloji dözümlülüyü zəifdir, ona görə də bir çoxları cinayətə meyilli olurlar. Bu mənada Azərbaycanda ağır cinayətlərin qarşısını almaq üçün zəruri addımlar atılır:

“Biz gənclərimizi qorumalıyıq. Ancaq bununla bağlı Azərbaycanda ciddi təhlükə və problem yoxdur. Gələcəkdə mümkün təhlükələrin qarşısını almaq üçün dövlətin bu cür tənzimləmələr aparmasına ehtiyac var”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, 18-21 yaş aralığında müəyyən hadisə törədənlər çox olduğu üçün aidiyyəti dövlət qurumları bununla bağlı təhlil aparıb və belə bir qərara gəlinib. 21 yaş və ondan yuxarı şəxslərin daha stabil psixoloji vəziyyətə malik olduqları nəzərə alınaraq, bu yaş həddinin seçilməsi düzgün bir qərar hesab olunur.

Qanunvericilikdəki dəyişiklik də bu tələblərə uyğun olaraq həyata keçirilib.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi bir qədər də artırılmalıdır. 18-21 yaş həddində olan insanlar gənc hesab edilir və onların həmin dövrdə silah əldə etməsi yaxşı hal deyil:

Bakupost.az

“Azərbaycan cəmiyyəti müharibədən yeni çıxıb. Ona görə də ölkədə 18-21 yaş həddində olan gənclərə silah satılması qadağan edilməlidir”.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub.


MANŞET XƏBƏRLƏRİ