"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 2024-cü ildə Cənubi Qafqazda sülh müstəvisində aparılan danışıqlar məntiqi sonluqla yekunlaşmadı. Bu il üçün əldə edilən razılaşmalar fonunda gözləntilər çoxdur. Buna geosiyasi və qlobal miqyasda baş verən dəyişikliklərin də təsirinin olacağı iddia edilir. Xüsusən də ABŞ-də ikinci Donald Tramp dönəmi ilə bağlı fərqli baxışlar var. Əsas gözləntilər nədən ibarətdir?
- Hazırda dünya ictimaiyyəti ABŞ-nin yeni liderinin hansı istiqamətdə fəaliyyət göstərəcəyini gözləyir. Bu mənada Trampın inauqurasiyadan sonrakı açıqlamları çox ciddi məsələlərdən xəbər verir. Onun vəzifəsinin icrasına başlayan kimi daxili və xarici siyasətlə bağlı qərarlar qəbul etməsi dünyada böyük narahatlıqla qarşılandı. Meksika, miqrantlar, Panama kanalı, Kanada və Qrenlandiya ilə bağlı Trampın vermiş olduğu bəyanatlar böyük rezonansa səbəb oldu. Görünən odur ki, Ağ Evin yeni sahibi daha radikal addımlar atmaq niyyətindədir. Ola bilsin ki, ABŞ daxilində olan müəyyən qruplar da Amerika imperializminin genişləndirilməsi üçün bugünkü vəziyyətdən istifadə etmək istəyirlər.
- Bəzən qlobal miqyasda baş verənlər müəyyən tarixi dönəmlərin təkrarlanması kimi də izah edilir. Bu yanaşmalar hansı məntiqə əsaslanır?
- Bu gün dünyada baş verənlər sanki yüz il əvvəlki prosesləri xatırladır. 1910-cu ildən başlayaraq daha sonra 1940-cı illərə qədər də sağçılarla solçular, mərkəzçi qüvvələr arasında mübarizə gedirdi. Həmçinin realistlərlə liberalist düşüncənin tərəfdarları arasında da diskusiya, elmi debatlar, rəqabət var idi. İndi də bu diskusiyalar genişlənib. Demək olar ki, cəmiyyətin bütün sahələrini əhatə edir. Bu mənada Trampın hansı gedişləri edəcəyi daha çox maraqla qarşılanır. Əgər o Qrenlandiya və Panama kanalı ilə bağlı dediyini edərsə, bu Rusiyanın Ukrayna ilə müharibədən sonrakı dövrdə əl-qolunu açacaq tendensiyanın yaranmasına səbəb olacaq.
- Kreml üçün Trampın atacağı addımlar hansı presedentlər yarada bilər?
- Rusiya uzun illər Kosovo presedentini əlində bayraq edərək Abxaziya və Cənubi Osetiyaya qarşı istifadə etdi. Eyni zamanda Kremlin Donbasda olan hərəkətləri də hamıya məlumdur. Bu mənada Qrenlandiya məsələsi Trampın iddia etdiyi formada həllini taparsa, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda nələr edə biləcəyi müəmmalıdır.
- Yeni Ağ Ev Administrasiyanın Tehranla bağlı əsas niyyəti nədən ibarətdir? 2025-ci ilin 20 yanvarından sonra Vaşinqtondan İranla bağlı verilən mesajlarda fərqli istiqamətləri sezilir. Amerikanın güclənən anti-İran ritorikası necə nəticələnə bilər?
- Görünən odur ki, gizlin şəkildə İrana qarşı koalisiya qurulur. Məqsəd İranda ali dini liderin (Əli Xameneyi) hakimiyyətdən uzaqlaşdırılmasıdır. Eyni zamanda Trampın enerji resursları ilə bağlı da fikirləri burada mühüm önəm kəsb edir. Bu da region ölkələri üçün mühüm çağırışlar və suallar yaradır.
- Tramp dönəmində Amerika-Ermənistan münasibətlərində hansı xətti izləmək mümkün olacaq?
- Yeni Ağ Ev Adminstrasiyasının Türkiyə faktorunu nəzərə alaraq sabiq prezident Cozef Bayden kimi Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə müdaxilə edəcəyi ehtimalı azdır. Hətta rəsmi İrəvanın xeyrinə hansısa addımların atılması güman olunmur. Azərbaycana qarşı da Bayden dönəmindəki xəttin izlənilməsi mümkün deyil. Sözsüz ki, Bayden Adminstrasiyanın hakimiyyətinin sonunda kiçik Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalanmasını rəsmi İrəvan özü üçün böyük hadisə hesab edir. Bu baxımdan vəziyyəti kompensasiya etmək üçün Tramp Adminstrasiyası da Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənədə imza atmalıdır. Əks təqdirdə o, Ermənistanla imzalanan sənədi icra etməməlidir.