Təyyarə qəzası: Moskvanın israrı və məsuliyyətdən yayınması nə ilə bağlıdır? – ŞOK detal


“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən “Pantsir S-1” HHM sistemi ilə vurulması hər kəsə məlumdur. Lakin Moskva bu məsələdə Azərbaycan tərəfi günahkar kimi göstərməyə çalışır. Hətta bir neçə gün öncə Rusiyaya məxsus “Baza” Teleqram kanalı AZAL təyyarəsinin stenoqramı olduğu iddia edilən mətn yaymışdı. Onların sözündən belə aydın olur ki, guya Aktauya uçmaq barədə bütün qərarları təyyarə ekipajı müstəqil qəbul edib. Lakin Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev yayılan xəbərin həqiqətə uyğun olmadığını, “qara qutu”ların materiallarının internetdə yayımlanan stenoqramlardan fərqləndiyini bildirib.

Təyyarə qəzası ilə bağlı Moskvanın israrı və məsuliyyətdən yayınması nə ilə bağlıdır?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyovun fikrincə, burada Moskvanın israr etməsi və günahını boynuna almamasının əsas səbəbi onun imperiya keçmişi ilə bağlı olan bir məsələdir.

Politoloq düşünür ki, bu, Rusiya rəhbərliyinin hələ də imperiya ambisiyalı və imperiya düşüncələri ilə bağlı olan bir haldır:

“Rusiya bir vaxt onların müstəmləkəsi olmuş ölkədən üzr istəməyi özünə sığışdıra bilmir. Onsuz da Vladimir Putin və onun ətrafındakı insanlar SSRİ-nin, ümumiyyətlə, Rusiya imperiyasının dağılmasını çox ağrılı yaşayırlar. Hətta ruslar bunu bərpa etməyə çalışırlar. Belə olan halda da Azərbaycandan üzr istənilməsi tələbini qəbul edə bilmirlər”.

veli elibeyov

Vəli Əlibəyov

V.Əlibəyovun sözlərinə görə, əgər Rusiya boynuna alsa ki, həqiqətən də təyyarəni onlar vurublar, bu, o deməkdir ki, Moskva ilk növbədə ordusunda istifadə edilən silahlarının mükəmməl olmadığını göstərir:

“Bunu demək Rusiyanın təbliğatına böyük bir zərbə olar. Çünki onlar daxildə, əhali arasına Rusiya silahlarının ən müasir, ən dəqiq silah olduğuna dair təbliğat aparırlar. Baş verənləri boyunlarına almaqla göstərmiş olurlar ki, Rusiya silahları, hərbçiləri mükəmməl olmadıqları üçün verilən tapşırıqlar mükəmməl və dəqiq olmur. Eyni zamanda günahını etiraf etdikdən sonra Rusiya vətəndaşlarında və digərlərində belə təsəvvür formalaşa bilər ki, əvvəlki təyyarə qəzalarını da ruslar törədiblər”


MANŞET XƏBƏRLƏRİ