Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli HüseynliModern.az-ın redaksiyasında qonaq olub. Komitə sədri bir sıra mövzularda suallarımızı cavablandırıb.
O, saytımıza müsahibəsində "Konstitusiya və suverenlik ili" ilə əlaqədar referendumun keçirilib-keçirilməyəcəyindən danışıb.
Ə.Hüseynli 2025-ci ildə Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun olmayacağını bildirib:
"Mediada bununla bağlı müxtəlif fikirlər eşidirəm. Hətta referendumun keçiriləcəyi ilə bağlı proqnozlar da verilir. Mən bunların heç birini ciddi qəbul etmirəm. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi onu deyə bilərəm ki, “Konstitusiya və suverenlik ili” Konstitusiyasımızın 30 illik və Qarabağdakı qələbəmizin 5 illik yubileyi ilə bağlıdır. Cənab Prezident tərəfindən Prezident Administrasiyasına tapşırıq verilib ki, bir ay ərzində tədbirlər planı hazırlasın. Söhbət Konstitusiya ilindən, yubileyindən gedir. Biz bu il keçdiyimiz yola, Konstitusiyamızın inkişafına qiymət veririk. Yubiley illərini qeyd edirik. Referendumla bağlı mənim nə proqnozum, nə də başqa bir cavabım var".