Yenidən növbədənkənar parlament seçkiləri? - Partiya rəsmilərindən açıqlama


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında çıxışı zamanı 2025-ci ildə Azərbaycanda referendumun keçirilməsi ilə bağlı məsələyə toxunub. Deputat bildirib ki, Azərbaycanda 2025-ci il "Konstitusiya və Suverenlik ili" elan olunub və bu səbəbdən də yeni referendumun keçirilməsi ilə bağlı müzakirələr başlayıb.

2025-ci ilin referendumu növbədənkənar parlament seçkilərini yenidən gündəmə gətirə bilər.

Bəzi partiya sədrləri ilə söhbətdə onlara 2026-ci ildə yeni parlament seçkilərinin keçirilməsi, proporsional seçki sisteminin bərpasına dair mesajlar verildiyi də deyilir. Bu baxımdan, gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə də söz-söhbətlər gəzir. Bəs bu gözləntilər özünü doğrulda bilərmi?

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2026-ci ildə Azərbaycanda yenidən parlament seçkilərinin keçirilməsi mümkündür:

"Əgər ölkədə referendum keçirilərsə, bundan əlavə proporsional və ya qarışıq seçki sistemi ilə bağlı qərar qəbul edilərsə, bu halda 2026 - cı ildə yenidən parlament seçkiləri keçirilə bilər".

REAL sədri Natiq Cəfərli də 2026-ci ildə parlament seçkilərinin keçirilməsini mümkün hal hesab etdiyini vurğulayıb:

"Konstitusiya dəyişikliyinə çox və təcili ehtiyac var. Biz bu barədə çox danışırıq. Çox yaxşı oldu ki, ictimai müzakirədə açıldı. Düşünürəm ki, yeni konstitusiya Azərbaycanda sosial-iqtisadi problemlərin həlli üçün müsbət bir təməl yarada bilər. O ki qaldı parlamentin buraxılmasına, açığı düşünmürəm belə bir addım atılsın. Əgər konistitusiya dəyişikliyi olsa belə, orada keçici maddə kimi növbəti seçkilərdən sonra bu konistitusiyada nəzərdə tutulan müddəaların yerinə yetirilməsinin şərt kimi qoyulmas mümkündür. Bu da son seçilmiş parlamentin 2028-ci ilə qədər öz fəaliyyətini davam etdirməsi üçün keçici qərar ola bilər. Biz çox istərdik ki, proporsional seçki sisteminə keçid olsun. Amma proporsional seçki sisteminə keçid olarsa, 2026-ci ildə yeni parlament seçkilərinin proporsional qaydada keçirilməsi daha məqsəduyğun olardı".


MANŞET XƏBƏRLƏRİ